Türkiyədə PKK terror qruplaşmasının uzantısı kimi tanınan Xalqların Demokratik Partiyası (HDP) liderlərinin saxlanılmasından sonra Qərbi Azərbaycanın iki kürd millət vəkili BMT-nin baş katibinə rəsmi məktubla müraciət edib.

Sulduz və Üşnəviyyənin İran parlamentindəki millət vəkili Əbdulkərim Hüseynzadə və Mahabadın (Soyuqbulaq) millət vəkili Calal Mahmudzadə BMT-nin baş katibinə məktub ünvanlayaraq HDP-li deputatların və partiya liderlərinin Türkiyə dövləti tərəfindən həbs edilməsini məhkum ediblər. Millət vəkilləri İranda rejimə müxalif olan kürd fəallarının edam edilməsini də nəzərə almadan İran İslam Cümhuriyyətində millətlərin hüquq bərabərliyini iddia edərək Türkiyəni kürdlərə qarşı qərəzli siyasət aparmaqda ittiham edib, saxlanılan PKK yönümlü deputatların azadlığını tələb ediblər. Bütün bunlar o halda baş verir ki, Türkiyədə yaxalanmış HDP-li deputatlar PKK terror təşkilatına dəstək verdiklərini müxtəlif formalarda dilə gətirirlər.

Qeyd edək ki, ötən günlərdə Türkiyədə toxunulmazlıq hüququnun ləğvi barədə konstitusiyaya (anayasa) düzəliş qüvvəyə mindikdən sonra cinayət törətməkdə ittiham olunan, bu səbəbdən dindirilmələri üçün məhkəməyə çağırılan və gəlməyən Xalqların Demokratik Partiyasının (HDP) bir neçə deputatının həbsi barədə qərar icra olunub. Həbs olunanlar arasında HDP həmsədrləri Figen Yüksəkdağ və Səlahəddin Dəmirtaş da var.

 Azerbaijan