İranda noyabr aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilən milli fəal Əkbər Mühaciri 75 gün Təbriz Ettelaat İdarəsində saxlanıldıqdan sonra Təbriz Mərkəzi həbsxanasına köçürülüb.
Amerikanın Səsinin əldə etdiyi məlumata əsasən, Əkbər Mühaciri yanvarın 28-də axşam vaxtı Təbriz həbsxanasından ailəsinə zəng edərək Ettelaat İdarəsindən Təbriz həbsxanasına köçürüldüyünü bildirib.
Ötən il noyabrın 17-də Təbriz Ettelaat İdarəsinin qüvvələri Mühacirinin evinə hücum edərək, ailəsinin gözü qarşısında türk fəalı döyərək həbs etmişdilər.
Daha sonra milli fəalın ailəsi həbs edilən digər fəalların ailələri ilə birgə onların durumu ilə bağlı məlumat almaq üçün Təbriz məhkəməsinə getdikləri zaman, onun Təbriz Ettelaat İdarəsinin təhlükəsizlik hissəsinin nəzarətində olduğunu və bu səbəbə görə görüşmə qadağası tətbiq edildiyi barədə məlumat almışdılar.
Əkbər Mühaciri bundan əvvəl də milli-mədəni fəaliyyətləri üzündən həbs və mühakiməyə məruz qalıb.
Mühaciri 31 avqust 2011 tarixində Urmiyə gölünün durumuna etiraz aksiyaları zamanı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılaraq, 1 il həbs cəzasına məhkum edilmişdi.
İranda noyabr aksiyaları zamanı Təbriz Ettelaat İdarəsi tərəfindən saxlanılan digər 8 milli fəal, o cümlədən Məhəmməd Məhnudi, Davud Şiri, Əyyub Şiri, Şahin Bərzigər, Nasir Xulusi, Babək Hüseyni, Ruzbeh Piri və Yaşar Pirinin durumu haqda məlumat verilmir.