Tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisani ötən günlərdə türk fəal Aydın Zakirinin toy mərasiminə qatılıb və çıxış etdiyinə görə mühakimə edildiyi məhkəmədə nəzarət altına alınıb.
O noyabrın 7-də Ərdəbil şəhərində bir məhkəmədə saxlanılaraq Meşkinşəhr (Xiyav) şəhərinin mərkəzi zindanına köçürülüb.
Xəbər verdiyimiz kimi, ötən günlərdə tanınmış fəal A.Lisani Ərdəbil Məhkəməsinə çağırılıb. Noyabrın 3-də fəalın ailəsinə təhvil verilən çağırış vərəqəsində onun Ərdəbil İnqilab Məhkəməsinin 1-ci Şöbəsinə müraciət etməsi üçün 5 gün möhlət verilib.
Vərəqədə qeyd olunub ki, Ərdəbilin İnqilab Məhkəməsi çağırış vərəqəsini Meşginşəhrin İnqilab Məhkəməsi tərəfindən göndərib.
Tanınmış ərdəbilli fəal bundan öncə də Azərbaycanın milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb, uzun illər uzaq şəhərlərdə həbs edilib və ailəsi ilə birlikdə rejimin müxtəlif təzyiqlərinə məruz qalıb.