“Hər bir hökümətin nə qədər demokratik olduğunu o hökumətdə keçirilən seçkilər yolu ilə qiymətləndirmək mümkündür. Əgər bir hökumət seçkiləri şəffaf şəkildə keçirirsə, millətinə seçmək və seçilmək haqqını tanıyırsa, o hökumətin demokratik olduğunu deyə bilərik.” – deyə, Əmir Mərdani bildirib.

İranda hər dörd ildən bir parlament seçkiləri keçirilir. Bu ilin fevralın 21-də keçiriləcək seçkilər də artıq gündəmdədir. Seçkilərdə iştirak edib-etməmək məsələsi İran İslam Respublikasının müxalif qüvvələri arasında hər zaman mübahisələrə səbəb olur.

Əmir bəy Mərdani İranda seçki mexanizmini izah edərək bildirib ki, namizədlərin səlahiyyətləri “Konstitusiya Mühafizə Şurası” tərəfindən təsdiqlənir və yaxud rədd edilir. “Konstitusiya Mühafizə Şurası namizədləri bir çox filtrdan keçirərək dəyərləndirir. Onların ən önəmlisi Vilayəti-Fəqihi, yəni Əli Xameneyinin bütün işlərin başında olmağını təsdiqləməkdir. Bu isə o deməkdir ki, hər hansı bir şəxs İran rəhbərinə müxalif olsa və ya İran rəhbərinin sözlərində zərrə qədər səhvin olduğunu düşünsə, həmin şəxsin seçkidə iştirak etmək haqqı əlindən alınır,” – deyə siyasi fəal bildirib.

O, həmçinin son illərdə İranın fundamentalist siyasi cərəyanına bağlı olan bəzi şəxslərin namizədliklərinin təsdiq olunduğunu bildirərək, hakimiyyətin son illərdə daha böyük diktaturaya çevrildiyini açıqlayıb.

İsveçdə yaşayan güneyli diaspora fəalı Əmir Mərdani Amerikanın Səsinə müsahibədə İran İslam Respublikasında hökümətin 2009-cu ildə keçirilən prezident seçkisi ərəfəsində böyük saxtakarlıqlar etdiyini deyib.

“2009-cu prezident seçkilərindən sonra hakimiyyət seçki saxtakarlığını elə bir səviyyəyə çatdırıb ki, artıq kimə səs verdiyiniz, nə istədiyiniz fərq etmir. Hakimiyyət deyir ki, 'sandıqdan kimin adının çıxacağını mən deyəcəyəm'. Bu halda biz İranda seçki məsələsi haqda danışanda bu seçkinin saxta olduğunu deməliyik və səsverməni o şəkildə dəyərləndirməliyik”, - güneyli siyasi fəal bildirib.

Siyasi fəal parlament seçkilərində iştirak edəcək namizədlərin və hazırda parlamentdəki deputatların diskvalifikasiya edilməsinin iki əsas səbəbinin olduğunu bildirib.

“İran hakimiyyəti xalqın narazılığını bildiyi üçün bir çox deputatın namizədliyini rədd edərək xalqa bu mesajı vermək istəyir: "Bu günə qədər sizin narazılığınızın səbəbi hal-hazırda sizi təmsil edən deputatlardan asılı idi və onlar sizin istəklərinizi yerinə yetirməkdə müvəffəq deyildilər”.

Mərdani həmçinin deputatların namizədliklərinin rədd edilməsi ilə bağlı bildirib ki, “Xameneyi heç bir gücün öz ətrafında yerləşdirilməsini istəmir. Buna görə Xameneyinin yürütdüyü siyasəti tənqid edən, hətta fundamentalist deputatlara belə səlahiyyət verilmir. Hakimiyyət düşünür ki, bu deputatlar da hakimiyyətə təhlükə yarada bilər və bu səbəbdən də get-gedə bu dairəni daraldırlar. O deputatların yeni nəsil və yeni insanlarla əvəzlənməsi istənilir, çünki onlar rəhbərin sözlərinə daha çox qulaq asırlar. Buna görə də, onların vəzifəyə gəlmələri təmin edilir.”

İran Azərbaycanında türk fəalların seçkilərə münasibətini şərh edən Əmir bəy Mərdani deyib ki, ümumilikdə bir çox fəal seçkilərin boykot edilməsinin tərəfdarıdır. “Ortaq məxrəcə gəlmək çox çətindir. Ümumiyyətlə, milli hərəkat bu seçkilərin Qərbi Azərbaycan istisna olmaqla bir çox şəhərlərdə boykot edilməsinə qərar verib.”

Əmir Mərdaninin fikrincə, seçki xalqın sözünü hakimiyyətə qanuni şəkildə çatdırmağının əsas yoludur. Amma son illərdə İranda baş verən etirazlar və etirazlarda həyatlarını itirən insanların sayının yüksək olması onu göstərir ki, xalq artıq seçkilər vasitəsi ilə bir dəyişikliyin olmayacağına inanıb.

Xalq artıq qəbul edib ki, seçkilər onlar üçün bir həll yolu deyil. Onlar düşünür ki, bundan öncə etirazlar 1500 nəfərin ölümü ilə nəticələnib. İndi isə artıq inanmaq mümkün deyil ki, həmin millət səsini hökümətə seçkilər vasitəsi ilə çatdırmağa qərar versin.” – deyə Mərdani bildirib.

https://www.amerikaninsesi.org/a/%C9%99mir-m%C9%99rdani-i%CC%87ran-tarixind%C9%99-%C9%99n-a%C5%9Fa%C4%9F%C4%B1-se%C3%A7ici-f%C9%99all%C4%B1%C4%9F%C4%B1na-%C5%9Fahid-olaca%C4%9F%C4%B1q/5288837.html