Qərbi Azərbaycanın Sulduz (Nəğədə) şəhərinin təhlükəsizlik qüvvələri milli fəalları hədələyərək, 2006-cı ilin may hadisələrində öldürülən vətəndaşların xatirəsini anma mərasimini əngəlləməyə çalışıblar.

Amerikan Səsinin bu barədə əldə etdiyi məlumata əsasən, təhlükəsizlik qüvvələri milli fəal Musa Ziya Gərgərini həbs edərək bir neçə saat sonra öhdəlik alaraq sərbəst buraxıblar.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi Ziya Gərgərinin İran Azərbaycanında 2006 may etirazları əsnasında təhlükəsizlik qüvvələri tərəfindən Sulduz şəhərində öldürülən 4 vətəndaşın 14-cü anım tədbirini əngəlləməsi üçün həbs edildiyini yazıb.

Daha üç milli fəal o cümlədən Vəli Azəriyun, Nasir Əhmədi və Əli Hac Məhəmmədi, Sulduz Ettelaat İdarəsinə çağırılıb. Həmçinin şəhərin təhlükəsizlik qurumunu etirazlar zamanı öldürülən vətəndaşların ailələrinə də zəng edərək ildönüm ilə bağlı tədbir keçirilməməsinə dair xəbərdarlıq edib.

Sulduzda təhlükəsizlik qüvvələri tərəfindən çağırılan milli fəal Vəli Azəriyun may etirazları zamanı təhlükəsizlik qüvvələri tərəfindən öldürülən şair və milli fəal Tövhid Azəriyunun qardaşıdır.

Milli fəal Musa Ziya Gərgəri daha öncə də dəfələrcə İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilmişdi.

 VOA