Urmiyə məhkəməsinin daha əvvəl türk fəallar Əli Əzizi və Elyar Hüseynzadəyə qarşı çıxardığı şallaq və cərimə cəzası iyunun 8-də icra erdilib.
Hər iki fəal daha əvvəl 2019-cu ilin noyabr ayında İranın müxtəlif vilayətlərində keçirilən kütləvi etirazlarla əlaqədar 20 zərbə şallaq və bir milyon yarım tümən cərimə cəzasına məhkum olmuşdular.
Urmiyə məhkəməsi Əzizi və Hüseynzadəni keçən ilin noyabr ayında nəzarət altına alınan bir neçə digər fəalla birlikdə “ümumi intizam və asayişi pozmaq” və “qanunsuz aksiya keçirərək yolu bağlamaq” ittihamları ilə mühakimə etmişdi.
Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, iki fəalın hökmü bazar ertəsi günü Urmiyənin Şəhid Beheşti Məhkəmə Kompleksində icra edilib.
Keçən ilin noyabr ayında Urmiyədə təşkil olunan etirazlar zamanı nəzarət altına alınan fəallar təhlükəsizlik həbsxanasında bir müddət sorğu-sual edildikdən sonra mülki zəmanət qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdılar.
2019-cu ilin noyabrında İranda benzinin qiymətinin artması ardından baş qaldıran etirazlar zamanı ölkənin müxtəlif bölgələrində yüzlərlə etirazçı öldürülüb, minlərlə vətəndaş nəzarət altına alınıb.