Azərbaycanlı milli-mədəni fəal Pərviz Şəbani Təbrizdə Ərk Qalası ətrafında təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb.
Əldə etdiyimiz məlumata görə, fəal dağıdılmaqda olan Ərk Qalasından şəkil çəkdiyi zaman təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. Onun mətbuata çıxarmaq məqsədi ilə Qaladan şəkil çəkdiyi deyilir.
Noyabrın 12-i yerli vaxtla saat 17 radələrində tutulan fəal naməlum istiqamətə aparılıb, hələlik onun harada saxlandığı ilə bağlı heç bir məlumat yayılmayıb.
Son günlərdə mətbuatda Qalanın yaxınlığında parking tikmək məqsədi ilə ağır texnikanın işlədiyi barədə geniş məlumat yayılıb. Bundan sonra yerli əhali tarixi Qalanın məhv edilməsi ilə bağlı sosial şəbəkələrdə sərt xəbərdarlıq etdilər, bu məsələ günlərlə kütəvi informasiya vasitələrinin gündəmini təşkil etdi. Etirazlar geniş vüsət aldıqdan sonra Ərk Qalası ətrafında nəzərdə tutulan layihənin icrasının dayandırıldığı elan edildi, lakin bəzi məlumatlara görə, gün ərzində fəaliyyətini dayandıran texnika gecə saatlarında öz işini davam etdirir.
Qeyd edək ki, tarixi Ərk Qalası Elxani hökmdarları Sultan Xudabəndənin və Əbu Səidin vəziri olmuş Tacəddin Əlişahın göstərişi ilə hicri-qəməri təqvimi ilə 716-724-cü (miladi 1338-1345-ci) illərdə tikilib. Qacarlar dövrünə qədər Ərk qalası dövlət qəsri kimi istifadə edilib, sonralar isə Səttarxan, Bağırxan və digər Təbriz mücahidlərinin sığınacaqlarından biri olub. Ərk qalası bir dəfə zəlzələdən, bir dəfə də çar Rusiyası ordusunun hücumundan ağır xəsarət alıb.