İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrunda apardığı dinc mübarizəsinə görə 4 aydır Tehranın Evin zindanında saxlanılan dinc fəal Siyamək Mirzayi ailəsinə zəng vuraraq son durumundan danışıb.
Noyabrın 12-də ailəsinə zəng vuran ərdəbilli fəal, zindanın 209-cu korpusunda dörd ay dindirildikdən sonra həbsxananın karantin bölməsinə köçürülməsindən xəbər verib. Fəalın son məhkəmə iclasında iştirak edən atası isə jurnalistlərə bildirib ki, oğlu əvvəlcə əcnəbilərlə əlaqə saxlamaqda günahlandırılsa da, bu ittiham artıq onun üstündən götürülüb və o hazırda ölkənin təhlükəsiazliyini pozmaq məqsədilə qurum yaratmaqda və onu idarə etməkdə günahlandırılır.
“ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.