76 il bundan öncə 1324-cü il şəhrivər ayının 12-də (3 sentyabr 1945) fars irqçiliyi əsasında hökm sürən Pəhləvi diktartorluğuna qarşı Güney Azərbaycanda millətlərin öz müqəddəratını təyinetmə əsasında azad və demokratik siyasi sistemin yaradılması üçün təşkilatlanma məqsədilə Seyyid Cəfər Pişəvərinin rəhbərliyi altında azadlıqsevər ziyalı qüvvələr tərəfindən 12 maddədən ibarət müraciətnamə açıqlandı.
Bu tarixi hadisələr dünyada faşizmin məğlub olduğu dövrə təsadüf edirdi və Azərbaycan türkləri bu qlobal dəyişim prosesi sürəcində milli iradə və cəsarət göstərərək, bu müraciətnamə ilə ümummilli hüquq və istəklərini Tehran rejimi qarşısında irəli sürdü. 12 maddəlik müraciətnamədə mədəni hüquqların, milli kimliyin, ictimai, siyasi və iqtisadi idarəetmənin qanunun aliliyinə söykənərək demokratik əsaslarla təmin olunması nəzərdə tutulurdu.
Müraciətnamədə irəli sürülən istəklərlə razılaşmayan Tehran rejimi buna müxtəlif pozuculuq və təxribat işləri aparmaqla cavab verirdi. Bu maneələrə baxmayaraq bir ay müddətində 247 nəfərin qatılımı ilə Təbriz şəhərində Azərbaycan Demokrat Firqəsinin ilk qurultayı təşkil olundu və qurultay Azərbaycan Demokrat Firqəsinin nizamnamə və fəaliyyət proqramını təsdiq etdi. Qurultayda 41 nəfərdən ibarət mərkəzi komitə və S.C.Pişəvəri Azərbaycan Demokratik Firqəsinin sədri seçildi.
Azərbaycan türklərinin istək və arzularını əhatə edən ümümmilli tələblərin yerinə yetirilməsi üçün Azərbaycan Demokrat Firqəsi Tehran rejimi ilə sivil yollarla danışıqlara cəhd etmələrinə baxmayaraq, rejim gericiyə və irqçiliyə əsaslanan farsçılıq siyasəti ilə demokratik ideyalara qarşı çıxdı. Buna baxmayaraq Azərbaycanda Məşrutə inqlabının nailiyyətlərindən yola çıxaraq və millətlərin azad və demokratik şəkildə öz müqəddaratını təyinetmə prinsipinə əsaslanaraq 1324 -cü il Azər ayının 21 – də ( 12 dekabr 1945) Azərbaycan Milli Hökumətinin yaradılmasına qərar verildi. Bu tarixi qərar Azərbaycan türklərinin azadlıq, sülh və demokratik ideyaların yanında olduqlarını bir daha göstərdi.
Biz Güney Azərbaycan təşkilatları olaraq, 12 şəhrivər müraciətnaməsi və bu gün də davam edən milli dövlətçilik istiqamətindəki demokratik prosesləri yüksək qiymətləndiririk və bu tarixi təcrübələrdən örnək alaraq, millətimizin müstəqil milli iradə əsasında Təbrizdə səsləndirdiyi “Azadlıq, Ədalət, Milli Hökumət!” şüarını milli qurtuluşu hədəfləyən tarixi missiya hesab edirik. Bu müqəddəs yolda millətimizi birlik və bərabərliyə çağırır, demokratik mübarizəmizin milli dövlətçilik prinsipləri əsasında təşkilatlanmış formada aparılmasının vacibliyini bəyan edirik.
Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAİP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
31.08.2021