“Urmu gölünün canlandırılması İran dövlətinin əsas prioriteti deyil”.  Bunu Təbriz, Azərşəhr və Üskünün İran parlamentindəki millət vəkili Əhməd Əlirza Beygi “Fars news”un müxbiri ilə danışıqda bildirib.

“Urmu gölünün canlandırılması üçün ayrılan 100 milyard tümənlik büdcənin əsas hissəsi müxtəlif universitetlərin araşdırma işləri və xarici səfərlərə xərclənildi, sonda isə öncədən mövcud olan plana çatdılar. Bu məsələdə dövlət özü üçün təsəvvür etdiyi mənafedən keçməli, lazımi vəsait ayırmaq və subsidiya ödəməklə su mənbələrinə düzgün nəzarət etməlidir”- deyə o bildirib.

Bundan sonra dövlətin Urmu gölünün canlandırılması üçün əsaslı iş görə bilməyəcəyini vurğulayan azərbaycanlı millət vəkili əlavə edib ki, dövlət büdcə ayırarkən əhalinin ehtiyaclarını nəzərə almır. “Son aylarda neft istehsalı və ixracının həcmi 2 dəfə artıb. Lakin Urmu gölünün canlandırılması 15 milyard dollarlıq təyyarə alınması və digər mövzularla müqayisədə, onun dövlət üçün əsas prioritet (öncəlik) olmadığını göstərir” deyə Əhməd Əlirza Beygi deyib.

Qeyd edək ki, ekspertlərin sözlərinə görə, Urmu gölünün quruması 15 milyondan çox insanın həyatını təhlükə altına alıb, bu böhran göldən 500 kilometr radiusda olan ərazilərdə bütün canlıların məhv olması ilə nəticələnə bilər.

 report