İnqilab Məhkəməsinin çıxardığı ədalətsiz qərar və təhlükəsizlik qüvvələrinin məhkəmə prosesinə etdiyi müdaxiləyə etiraz olaraq oktyabrın 3-də aclıq aksiyasına başlayan azərbaycanlı fəal Rəsul Rəzəvi noyabrın 14-də aksiyanı dayandırıb.
Bu barədə xəbər noyabrın 15-də yayılıb.
Fəalın aclıq aksiyasının dayandırdığına dair açıqlaması azərbaycanlı hüquqşünas Nağı Mahmudi tərəfindən mətbuatda yayılıb. “Rəsul Rəzəvi məhkəmə orqanları məsulları ilə danışdıqdan sonra, onun səhhətindən nigaran olan milli-mədəni fəalların müraciəti və Urmiyənin İran parlamentindəki millət vəkilləri Nadir Qazipur və Ruhullah Həzrətpurun da verdiyi vədləri nəzərə alaraq noyabrın 14-də aclıq aksiyasını dayandırıb. Fəal, bu müddətdə onun vəziyyəti ilə maraqlanan və ona diqqət yetirən hər kəsə təşəkkür edib və bildirib ki, verilən sözlərin reallaşacağı ümidi ilə aclıq aksiyasına son qoyur”- deyə məlumatda bildirilir.
“Mənim canım vətənimə aiddi və vətənimdən başqa heç bir təmənnam da yoxdur. Elə vətənim Azərbaycan üçün daha xeyirli olması ümidi ilə aksiyanı dayandırıram”- R.Rəzəvi aclığa son qoyduğunu elan etdiyi məntdə vurğulayıb.
Xatırladaq ki, Azərbaycanlı fəallar Rəsul Rəzəvi oktyabrın 3-də, Murtaza Muradpur isə oktyabrın 25-də Təbrizin mərkəzi zindanında aclıq aksiyasına başlayıblar. Noyabrın 4-də Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilən fəallar köçürüldükləri həbsxanada da aclıq aksiyasını davam etdiriblər.