Oktyabrın 29-da Təbriz ETTELAAT Şöbəsinin əməkdaşları tərəfindən saxlanılan azərbaycanlı milli-mədəni fəal Qudrətullah Yusifi təhlükəsizlik qüvvələrinin ona qarşı kobud münasibətindən yazıb.
Q.Yusifi azərbaycanlı milli-mədəni fəallar və gənclərə ünvanlandığı məktubda Təbrizdə çayxanada olarkən təhlükəsizlik qüvvələri tərəfindən yaxalandığını qeyd edib.
“Oktyabrın 29-da dostumla çayxanada olarkən 3 mülki geyimli şəxs çayxanaya daxil oldu. Onlar məhkəmə hökmü göstərmədən təhqiramiz bir şəkildə qollarıma qandal vuraraq məni çölə çıxardılar. Çöldə məmurların daha bir neçə həmkarı bizi gözləyirmiş, onlar gözümüzü bağladıqdan sonra bizi maşına mindirib və apardılar. Təcridxanada da özümə qarşı təhqiramiz münasibət gördüm. Mən əslən Xudafərin və Kəleybər bölgəsindən olduğuma görə təbii olaraq təmiz türk dilində danışıram və söhbət etdiyim zaman ata və ana kimi sözlərdən istifadə etdim. Bunu eşidən məmur məni təhqiramiz ifadə ilə təhdid etdi: Sən hansı dildə danışırsan?! Dedim ki, mən kənddə böyümüşəm və bizim dilimiz belədir. O əsəbləşərək dedi ki, xeyir! Sən öz dilimizdə danış, ata və ana sözləri yerinə dədə və nənə deməlisən və bir daha belə söhbət etmə!” deyə məktubun bir hissəsində qeyd olunub.
Onu dindirən məmurlardan birinin mədəni davrandığını qeyd edən fəal, ümumiyyətlə təhlükəsizlik qüvvələrinin ona qarşı təhqir və təhdidlərə yol verdiklərini və qanunsuz olaraq onu yaxaladıqlarını vurğulayıb. O bildirib ki, məsələ ilə bağlı səlahiyyətli orqanlara müraciət edərək qanun çərçivəsində öz hüquqlarını müdafiə edəcək.
Fəal sonda azərbaycanlı milli-mədəni fəalları da qanun çərçivəsində özlərini müdafiə etməyə çağırıb.