Ukraynadakı Rus İşğalını Qınayırıq

Çar Rusiyası və Sovet İttifaqının acı xatirələrindən sonra, doğu xalqlarının rus imperializmindən qurtula biləcəyinə ümid yarandı. Təəssüflər olsun ki, Çeçenistan, Gürcüstan, Suriya, Krım və indi Ukrayna nümunələri göstərir ki, rus imperializmi əski günlərinə qayıtmağa çalışır.

Biz inanırıq ki, rus xalqı və azad rus vicdanı Putinin davam edən siyasətini bəyənmir və bu, onların insani hisslərini incidir. Amma təəssüf ki, Rusiya amansız diktatorlardan qurtula bilmədi.

Hər halda, Rusiya Ukraynadakı savaşda qalib gəlməyəcək. Çünki bir diktator soyu ortaq, dini ortaq, mədəniyyəti ortaq olan bir xalqa qarşı savaş açıbsa, əslində öz kökü və gələcəyi ilə müharibə edir və belə bir savaşın qalibi olmaz.

Bu gün Ukrayna xalqı özünü müstəqil və azad xalq hesab edir və onun uğrunda qəhrəmancasına mübarizə aparır. Biz Ukrayna xalqının yanındayıq və Rusiyanın işğalını qınayırıq. Çünki bu, xalqların deyil, bir diktatorun apardığı bir savaşdır. Uzunmüddətli perspektivdə bu savaşın qalibi olmayacaq, lakin qısa müddətdə bu müharibədən yalnız diktatorlar faydalanacaq. Gördüyümüz kimi, yalnız İran və Suriya kimi diktatura bataqlığına qərq olmuş ölkələr Rusiyanı dəstəkləyir, hətta Çin belə Rusiyanı açıq şəkildə dəstəkləyə bilmir.

(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması olaraq biz bu müharibəni təkcə Rusiya və Ukrayna müharibəsi kimi deyil, həm də demokratiya və azadlığa qarşı, diktatura və despotizmin açdığı savaş kimi görürük və buna görə də özümüzü Ukraynanın yanında görürük. . Rusiya işğalına dərhal son qoyulmalı və Ukrayna azad yaşamağa davam etməlidir.

Yaşasın azad Ukrayna

(Güney) Azərbaycan Siyasi Quruluşlarının Əməkdaşlıq Platforması

AZOH - Direniş – GADP

26/02/2022