Oktyabrın 25-dən aclıq aksiyası keçirən azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun sağlıq durumu getdikcə ağırlaşır. Kərəcin Rəcayişəhr həbsxanasında 4 metrlik otaqda saxlanılan fəal bir neçə gündür ürək ağrısından əziyyət çəkir.

Noyabrın 17-də ailəsi ilə telefon əlaqəsi saxlayan fəal anasına sağlıq durumunun ağır olduğunu bildirib. O, son günlərdə ürək ağrısından əziyyət çəkməsi, hamam probleminin davam etməsi, qənd və duzdan istifadə edə bilməməsindən danışıb. Fəalın sözlərinə görə, əsgərlər zindan məsullarının qorxusundan ona yetəri qədər su verməkdən imtina edirlər.

Məlumata görə, noyabrın 19-da azərbaycanlı fəalın aclıq aksiyası 26-cı günə  daxil olub, lakin səlahiyyətli şəxslər onun qanuni tələblərinə hələ də baxmayıblar.

M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib.

Murtaza Muradpur noyabrın 1-də Təbrizin mərkəzi zindanının 12-ci korpusunda zindan məsullarının davranışlarına etiraz etdiyinə görə həbsxananın nəzarətçiləri tərəfindən döyülüb və aldığı zərbələrdən qısa müddət huşunu itirib. Bu hadisə onunla eyni korpusda saxlanılan azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədinin bir polyak (ləhistanlı) məhbusun təhqir edilməsinə etiraz etdiyinə görə digər məhbuslar və həbsxana nəzarətçilərindən olan Sultani adlı birisi tərəfindən döyüldükdən sonra baş verib.

M.Muradpur digər azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə noyabrın 4-də Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına köçürülüb.

 Azerbaijan