Təbrizdə Tibb Bilim Yurdunda 8 tələbə qız məktəblərdə zəhərlənmələrə etiraz etdikləri üçün İran İntizam Komissiyası tərəfindən cəzalandırılıblar.
Bu sözləri Axar.az (https://axar.az/)-a (https://axar.az/) Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdani tələbələrin cəzalandırılması ilə bağlı danışarkən deyib.
O, hakimiyyətin bu addımının anlaşılan olmadığını bildirərək, tələbələrin günahsız yerə ağır şəkildə cəzalandırıldıqlarını diqqətə çatdırıb:
“Bu təzyiqlər qız məktəblərində zəhərlənmə hadisəsinə etiraz etdikləri üçün baş verib. Tibb Univeritetinin tələbələri buna qarşı çıxaraq bir çox aksiya keçirib, məktəbli qızların zəhərlənməsini pislədilər. İran hakimiyyəti qız məktəblərinə olan hücumu qınadığını bildirsə də, tələbələri cəzalandırdı. Normalda hakimiyyət də eyni mövqedən çıxış edən tələbələri dəstəkləməli idi. Bu qərardan belə anlamaq olar ki, qız məktəblərinə basqıları İran hakimiyyəti özü təşkil edib”.
Qurumun sözçüsü tələbələrin ağır şəkildə cəzalandırılmasında qərəzli məqamların olduğunu diqqətə çatdırıb:
“Bu tələbələrin hər biri bir və yaxud iki il müddətinə təhsildən uzaqlaşdırılıblar. Bu hökmdə indiyə kimi çox nadir təsadüf olunan sürgün cəzasının olması da narazılıq yaradıb. Tələbələr üçün belə bir qərarın verilməsi görünməmiş hadisədir. Bunu da Güney Azərbaycanda tətbiq etdilər. Bəziləri farsların və ərəblərin yaşadıqları bölgələrə sürgün olunublar. 2 mindən çox tələbə isə buna qarşı etiraz edərək qərarın ləğvi ilə bağlı petisiya imzalayıblar. Onlara tanınmış müəllimlər də qoşuldular. Bütün bunlara baxmayaraq, hökumət qərarını dəyişmədi”.
Əmir Mərdani tələbələrin cəza müddətinin bitməsindən sonra təhsilə davam edə biləcəklərinə inanmadığını deyir:
“Verilən qərara əməl etsələr, tələbələr müddət başa çatdıqdan sonra təhsillərinə davam etməlidir. Lakin keçmiş təcrübələrdən bilirik ki, təhsildən uzaqlaşdırılan tələbələr yenidən universitetə dönə bilməyiblər. Onlara “ulduzlu öyrəncilər” deyilir. Bu şəxslərin təhsilini davam etdirmələrinə izn verilməyib. Tibb Universitetinin tələbələrinə isə həm uzaqlaşdırılmaq, həm də sürgün cəzası verilib. Bundan çıxış edərək, ehtimal etmək olar ki, bu tələbələrin də təhsilini davam etdirmələrinə əngəl olacaqlar. Təbii ki, biz o zaman böyük etirazlara şahid olacayıq”.
Müəllif: Vüsalə İsgəndərova
https://axar.az/news/toplum/750041.html