Amerikanın Səsinə danışan siyasi fəal Əmir Mərdaninin sözlərinə görə, Urmiyə gölündə yaşanan ekoloji fəlakətin önünə keçmək üçün toplum tərəfindən hakimiyyətə basqı olunmalıdır.

Bu il yağıntıların artması ilə birlikdə Urmiya gölündə su səviyyəsinin müvəqqəti yüksəlməsinə baxmayaraq, göldə vəziyyət kritik olaraq qalmaqda davam edir.

“Urmiyə gölünün vəziyyəti yalnız yağıntılara bağlıdır. İran hakimiyyəti bir çox layihələr açıqlasa da, bir çox vədlər versə də, heç birini yerinə gətirmir. Misal üçün bəndlərin arxasındakı suların açılması gərəkir. Bu riayət olunmur. Urmiyə gölünün çevrəsində olan əkinçiliyin idarəedilməsi ilə bağlı işlər görülmür”, Əmir Mərdani bildirib.

Siyasi fəal Urmiyə gölü məsələsinin toplumda həm bir “ölüm-qalım məsələsi”, həm də İran hakimiyyətinə qarşı mübarizənin bir simvolu kimi göründüyünü vurğulayır:

“Uzun illərdir ki, artıq Urmu gölü məsələsi yalnız milli fəalların deyil, bütün toplumun qayğısı olub. Toplumun başda gedən tələblərindən biri Urmu gölünün dirilməsi və suyla dolmasıdır. Başda buna görə ki, artıq millət buna çatıb ki, gölün quruması bütün Azərbaycana təsir edəcək. Gölün quruması insanları köçə məruz qoya bilər. Ayrıca Urmu gölü bir simvola çevirilib. İran hakimiyyəti ilə savaşmağın simvolu olub. Çünki, artıq millət bunu bilir ki, İran hakimiyyəti bunu bilərək qurudur. Yəni, İran hakimiyyəti Urmiyə gölü məsələsində bir addım geriyə atarsa, sanki biz digər istəklərimizi əldə etməyə də bir umud qazanırıq, bir ruh qazanırıq”.

Mərdani Urmiyə gölü məsələsinin toplumun müxtəlif kəsimlərinin mücadiləsi ilə çözülə biləcəyini ifadə edir.

Onun dediyinə görə, “birincisi elə Güney Azərbaycan və digər bölgələrdə yaşayan türk fəallardır ki, uzun illər bu məsələni çiyinlərinə alıb daşıyıblar və millətə çatdırıblar. Onların boyunlarına düşən elə bu siyasi oyanışı genişlətmək və millətin içində yaymaqdır ki, İran hakimiyyəti anti-türk siyasət yürüdür və bu əsasda da bilərək Urmu gölünü qurutmaq istəyir.”

Siyasi fəal hesab edir ki, toplum tərəfindən basqı olmasa hakimiyyət Urmiyə gölünü qurtarmaq yönündə addım atmayacaq.

Bu məsələ toplumun bütün kəsimləri tərəfindən gündəmə gəlsə nəhayətdə bir eyniyyətə çata bulər və toplumun basqısı altında İran hakimiyyəti bəlkə geri addım ata bilər,” deyə Əmir Mərdani əlavə edir.

https://www.amerikaninsesi.org/a/7734901.html

https://www.amerikaninsesi.org/a/7734888.html