Güney Azərbaycan türklərinin təhsil hüquqlarının məhdudlaşdırılması, İran İslam Respublikasının uzun illərdir həyata keçirdiyi mədəni və dil siyasətlərinin bir nəticəsidir. Hər il tədris ili başladığında bu məhdudiyyətlər, ana dildə təhsildən məhrum edilən minlərlə uşaq və onların ailələri üçün bir daha açıq şəkildə ortaya çıxır. Uşaqlar, doğma dilləri olan türkcədə təhsil almaq hüququndan məhrum edilir və bu, onların həm fərdi, həm də kollektiv kimliklərini təhlükə altına atır.

Dil yasaqları və assimilyasiya siyasətləri, bir millətin varlığını və kimliyini silmək məqsədi güdür. Dil, bir xalqın tarixi, mədəniyyəti və dəyərlərinin daşıyıcısıdır. Güney Azərbaycanda isə bu dəyərli miras, uşaqların öz dillərində təhsil almaları imkanı əlindən alındığı üçün ciddi təhdid altındadır. Ana dilində təhsil almaq hüququ, hər bir fərdin əsas insan hüquqlarından biridir, lakin İran rejimi bu hüququ sistemli şəkildə məhdudlaşdırır. Uşaqların öz dillərində təhsil ala bilməməsi, onların mədəni irslərindən uzaqlaşmalarına, tarixi köklərindən qopmalarına və özlərini ifadə etməkdə çətinlik çəkmələrinə səbəb olur.

Bu siyasətlər, Güney Azərbaycanda ailələrin ciddi narahatlığına səbəb olur. Valideynlər bilirlər ki, övladları ana dilində təhsil almayacaq və buna baxmayaraq, onlara başqa seçim imkanı təqdim edilmir. Məktəblərdə fars dili üzərində qurulmuş bir təhsil sistemi, uşaqların mədəni kimliklərini zədələyir və onları assimilyasiya etməyə çalışır. İran rejiminin yalnız təhsillə məhdudlaşmayan bu assimilyasiya siyasətləri, türkcə keçirilən mədəni tədbirlərə də ciddi təzyiqlərlə müşayiət olunur. Türk dilində mədəni fəaliyyətlərə icazə verilməməsi, ən kiçik tədbirlərin belə yasaqlanması, xalqın öz milli varlığını qorumaq cəhdlərinin qarşısını almaq məqsədi daşıyır. İran hökumətinin bu siyasətinin əsas məqsədi, Güney Azərbaycan türklərinin milli kimliklərini zəiflətmək və nəticədə tamamilə aradan qaldırmaqdır.

Lakin milli kimlik, xüsusilə də dil, bir millətin ən güclü silahıdır və bu gücü heç bir məhdudiyyət və təzyiq məhv edə bilməz. Güney Azərbaycan türkləri olaraq, dilimizi və mədəniyyətimizi yaşatmaq üçün mübarizəyə davam edəcəyik. Ana dilində təhsil haqqı, beynəlxalq hüququn tanıdığı əsas insan haqlarından biridir və biz bu haqqı tələb etməyə davam edəcəyik. Uşaqlarımızın öz dillərində təhsil alması, mədəniyyətimizin qorunması və gələcək nəsillərə ötürülməsi üçün vazgeçilməzdir. Bu səbəbdən, toplum olaraq birlik və həmrəylik içərisində olmalıyıq.

Ana dil, sadəcə bir ünsiyyət vasitəsi olmaqdan daha çox, bir millətin ruhunu və varlığını təcəssüm etdirir. Dilin itirilməsi, bir xalqın tarixinin, mədəniyyətinin və özünü ifadə etmə qabiliyyətinin də itirilməsi anlamına gəlir. Bu gün yalnız ana dilində təhsil haqqı uğrunda deyil, eyni zamanda milli varlığımızı qorumaq üçün mübarizə aparırıq. Tarix boyunca ağır şərtlərə rəğmən mübarizə aparmaqdan çəkinmədiyimiz kimi, bu gün də dilimizi yaşatmaq uğrunda birləşməli və səslərimizi daha yüksək səviyyədə çatdırmalıyıq.

Uzun və çətin bir mübarizə yolu olduğunun fərqindəyik, lakin haqq yolunda olduğumuza inanırıq. Bu yolda geri addım atmadan, dünya ictimaiyyətinə haqq səslərimizi çatdırmağa davam etməliyik. Bu acı dövrlər müvəqqətidir, lakin dilimiz və mədəniyyətimiz əbədi olaraq yaşayacaqdır.

“Orda bir yol var, uzaqda,

O yol bizim yolumuzdur.

Dönməsəkdə, varmasaq da

O yol bizim yolumuzdur”.