Bildiyiniz kimi, İranın Ana Yasasının 113 - cü maddəsində belə yazılır ki, İran prezidentinin əsas vəzifələrindən birincisi Ana Yasanın icrasıdır. Bu məntiqlə biz prezident seçkilərində iştirak edəndə, İranın Ana Yasasının icra olunmasın istəyirik. Bəzi milli fəallarda belə yalnış fikir var ki, əgər İranın Ana Yasası, xüsusən, 15 və 19 - cu maddələri icra olunsa, biz istədiyimiz ən ibtidai tələbləri əldə edə bilərik. Elə buna görə, mövzu ilə əlaqədar bəzi mülahizələri diqqətinizə çatdırmağı lazım bildim.

İran Ana Yasasının 15 - ci maddəsi

İran Ana Yasasının 15 - ci maddəsində belə yazılır: "İran xalqının müştərək və rəsmi dili və yazısı fars dilidir. Sənədlər, məktublar, rəsmi mətnlər və dərs kitabları gərək bu dildə ola. Amma məhəlli və qomi (etnik ) dillərdən mətbuat, informasiya vasitələrində istifadə etmə və onların ədəbiyyatının tədrisi məktəblərdə fars dilinin kənarında azaddır."

Əgər diqqət etsəniz görərsiniz ki, fars dili və yazısı rəsmi və müştərək dil sayılır və onun istifadə edilməsinə "gərək" kəlməsi işlənir. Hüququ baxımdan bu "gərək" kəlməsi ona görədir ki, İranın hökümətuinə vəzifə təyin edir ki, bu dilin rəsmi dil kimi həyata keçməyinə cəhd göstərə. Yenə də, bu, o mənadadır ki, hökümət fars dili ilə əlaqədar hər il müəyyən büdcə ayırır və bu büdcə, o, dilin inkişafı üçün xərclənməlidir. Amma məhəlli və etnik dillərin barəsində "gərək" kəlməsinin yerinə "azad" kəlməsi işlənib. Çünki "gərək" kəlməsi işlənməyib, bu, o mənadadır ki, hökümətə bu dillərlə bağlı müəyyən vəzifə təyin olmayıb və onlara dövlət büdcəsindən səhm ayırmaq olmaz.

İran Ana Yasasının 15 - ci maddəsində məhəlli və etnik dillərlə əlaqədar "azad" kəlməsi işlənib. Bu, o mənadadır ki, bu dillər yasaq deyillər və qeyri - fars dillərdə danışan millətlərin xüsusi və şəxsi məsələləri sayılır. Bu yerdə istəyirəm bir misal çəkim. Bildiyiniz kimi, İranda ticarət, alqı - satqı azaddır. Əgər mən istəyirəm ticarətlə məşğul olam, bu, o mənada deyil ki, hökümətədən ticarət yeri, kapital və s. tələb edəm. Və səbəbim də bu ola ki, İranda qanun nöqteyi - nəzərindən ticarət azaddır. İranda ticarətin azad olmağı, bu mənadadır ki, o, mənim şəxsi və xüsusi məsələmdir. Gərək ki, özüm yer, kapital hazırlayıb və müəyyən hökümət dairəsindən ticarətlə bağlı rəsmi izin - icazə alam. Hökümət dairələrinin də qanun baxımından ixtiyarları var mənə izin - icazə verələr və ya verməyələr. Elə İranın Ana Yasasının 15 - ci maddəsində də məhəlli və etnik dillərinin vəziyyəti mən çəkdiyim misala oxşayır.

Əgər biz istəyirik hər hansı bir məktəbdə türk dilində sinif açaq, gərək ki, özümüz dərs kitabların, dərs vəsaitlərini, dərs demək üçün müəllimi və s. tapıb, əldə edib və hökümət orqanlarından bu məsələ ilə bağlı izin - icazə istəməliyik. Onlar da bu işə razı olub və ya müxtəlif bəhanələr gətirib, razı olmaya da bilərlər. Misal üçün, bir müddət bundan əvvəl Təbriz Universitetində Azərbaycanlı tələbələr özləri dərs vəsaitini, o cümlədən müəllimi tapıb və universitetin idarə heyətində türk dilində sinif yaratmağa izin almışdırlar. Amma Tehran Universitetinin Elm və Sənət fakültəsində Azərbaycanlı tələbələr türk dilində sinif yaratmağa nail olmamışdırlar. Çünki fakültənin idarə heyəti bu işə müxtəlif bəhanələrlə razılıq verməmişdir.

İranın Ana Yasasının 19 - cu maddəsi

İran Ana Yasasının 19 - cu maddəsində belə yazılır: "İranda yaşayan xalqlar hər hansı qom ( etnik ) və qəbilədən olmalarından asılı olmayaraq, bərabərhüquqlu sayılırlar. Rəng, irq, dil və buna oxşar əlamətlər üstünlük sayıla bilməz."

Bu maddəni diqqətlə təhlil etsək, görərik ki, bu maddə də bizim milli mənfətlərə uyğun deyil. Burada insanların dəri rəngindən söhbət gedir, amma din və cinsiyyət məsələsinə toxunulmur. Ancaq ümumi halda "buna oxşar əlamətlər"ə işarə vurulur və onun nədən ibarət olduğu konkret açıqlanmır. Bildiyiniz kimi, İranda dəri rəngi aktual mövzu deyil və insanlar dəri rənginə görə, ayrı - seçkiliyə məruz qalmırlar. Amma insanlar dini baxımdan dəhşətli ayrı - seçkiliyə məruz qalırlar.

Misal üçün, belə deyilir ki, İranda təxminən 2, 5 milyon ələvi, yəni əhli - həqq təriqətinə inananlar yaşayırlar. Bunların əksəriyyəti milliyyət baxımından türk sayılır və Güney Azərbaycanda yaşayırlar. İranın Ana Yasasının 12 - ci maddəsində İranın rəsmi dini islam dininə aid olan şiə məshəbi qeyd olunur və hənəfi, hənbəli, şafei, maliki və zeydi islama aid olan məzhəblər kimi onlara işarə edilir və qeyd olunur ki, onlara sayğı var. Amma ələvilər islama aid olan bir məzhəb kimi rəsmiyyətdə tanınmır və belə olan bir zamanda onların adı bu yerdə çəkilmir.

İran Ana Yasasının 13 - cü maddəsində də zərdüşti, kəlimi ( musəvilik ), xristianlardan bəhs edilir və bu dinə inanalar İranda olan dini azlıqlar kimi göstərilir. Burada da nə ələvilərdən, nə də bəhayilərdən ad çəkilmir. Bundan da əlavə, üstə qeyd etdiyim kimi, İran Ana Yasasının 19 - cu maddəsində cinsiyyətə işarə olunmur. Bildiyiniz kimi, İranda təqribən 85 milyon insan yaşayır, bunların yarısını qadınlar təşkil edirlər. Amma qadınlar qadın olduqlarına xatir müxtəlif sahələrdə ayrı - seçkiliyə məruz qalırlar.

Misal üçün, İranın cəza qanunlarında qadınlar 13 yaşından və kişilər 15 yaşından həddi - buluğa çatmış adamlar hesab edilirlər. Burdan belə bir sual ortaya çıxır? Nə üçün qadın 13 yaşından, amma kişilər 15 yaşından yetkin sayılırlar? Bu fərq qoymanı elmi şəkildə necə izah etmək olar? Nə üçün tanınmış beynəlxalq qayda əsasında İranda insanlar qadın və ya kişi olmağından asılı olmayaraq, 18 yaşına çatanda yetkin hesab olunmurlar? İranda əgər 13 yaşlı qadına cinayət işi qaldırıla, qanun nöqteyi -nəzərindən onunla həddi - buluğa çatmış, yetkin insan kimi rəftar edilir. Amma 13 yaşlı oğlan uşağına cinayət işi qaldırıla, qanun nöqteyi - nəzərindən 15 yaşına çatmadığı üçün onunla uşaq kimi rəftar ediləcək.

Bu yerdə bir başqa misal çəkmək istəyirəm. Əgər bir qadının əri vəfat edə, o, ərinin daşınan əmlakından, yəni pul, cəvahirat, ev vəsaiti, maşın və s. səkkizdən biri ona çatır. Əgər, o, kişinin 4 qadınla daimi nikahı ola, o,daşınan əmlakın səkkizdə biri, bu 4 qadının arasında bərabər bölünəcək. Yazı uzun və yorucu olmasın deyə, mən çox misal çəkmirəm. Amma sizdən sual edirəm? Belə olan bir vəziyyətdə necə ola bilər İran Ana Yasasının 15 və 19 -cu maddələri Azərbaycanlıların ibtidai haqların həyata keçirə?

İran Ana Yasasına tarixi bir baxış

İran inqilabi 1979 - cu il fevral ayında qalıb gəldi və 1980 - ci ildə Xibraqan adlı məclis çoxlu müzakirələrdən sonra, 175 maddədə İran Ana Yasasın təsdiqləmişdir və referendum üçün bu Ana Yasa səsə qoyulmuşdu. Məlumat üçün qeyd etməliyəm ki, Ana Yasa ilə bağlı Xibraqan məclisinə seçimlərdə bir - birinə rəqib sayılan iki partiya iştirak etmişdi və seçilənlərində əksəriyyəti bu iki pariyanın üzvləri idi. Birincisi, İran İslam Cumhur Partiyası idi ki, Ayatullah Xumeyniye dəstək verirdi. Ümumi halda, əgər sözdə bütövlüklə İrana aid olsa da, amma əməldə farslara aid olan bir partiya sayılırdı. İkincisi, Xalq Müsəlman Partiyası idi ki, milliyyəti türk olan Ayətullah Şəriətmədariyə dəstək verirdi. Bu partiya da sözdə bütöv İrana aid olsa da, əməldə Güney Azərbaycana aid olan bir partiya idi.

Bu partiyanın 3 milyon üzvi var idi, xüsusən Güney Azərbaycanda milyonlarla Azərbaycanlı ona dəstək verirdilər. İranın Xibraqan məclisinə seçimlərdə Xalq Müsəlman Partiyası azlıqda olmuşdur. Bu partiya bildiriş verib, İran İslam Cumhur Partiyasın ittihamlamışdı ki, seçkilərdə saxtakarlıq olub və elə bu səbəbə görə, onlar Xibraqan məclisində azlıq təşkil edirlər.

Xibraqan məclisində İranın Ana Yasası ilə əlaqədar müxtəlif maddələr müzakirəyə qoyulanda Xalq Müsəlman Partiyasın təmsil edənlər tənqidi mövqeydən çıxış etmişdirlər. Əgər onların çıxışları bir yerə yığılsa, qalın bir kitab olar. İranın şovenist dairələri belə nişan vermək istəyirlər ki, guya Xalq Müsəlman Partiyası A.Ş.Mədari başda olmaqla, ancaq İranın Ana Yasasının 110 - cu maddəsi ilə müxalif idilər və buna da əsas səbəb bundan ibarət idi ki, A.Xumeyninin yerinə, A.Ş.Mədari özü rəhbər olmaq istəyirdi.

Xüsusən Güney Azərbaycan gəncləri bunu bilməlidirlər ki, Xalq Müsəlman Partiyasının Xibraqan məclisində olan təmsilçiləri Ana Yasanın maddələri ilə əlaqədar elmi nöqteyi nəzərdən birbəbir tənqidi çıxış etmişdirlər. Onlar azlıqda idilər, Ana Yasanın təsdiqlənməsinin qarşısını ala bilməmişdirlər. Elə bu səbəbə görə, İran Ana Yasası 1980 - ci ildə referonduma qoyulanda Ayətullah Şəriətmədariyə, Xalq Müsəlman Partiyası və Güney Azərbaycanlılarının əksəriyyəti ona müsbət səs verməmişdirlər.