Noyabrın 25-də aclıq aksiyası 32 günə daxil olan azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur azadlığa buraxılanadək aclığa davam edəcəyini bir daha vurğulayıb.
Kərəcin Rəcayişəhr həbsxanasında aclıq edən fəal noyabrın 23-də qardaşı ilə telefon əlaqəsi saxlayaraq ona son vəziyyəti ilə bağlı məlumat verib. “Zindan rəisi və müavini, zindana nəzarət edən müstəntiq, hökmlərin icrasının məsulu və daha bir neçə yetkili şəxs mənimlə söhbət etdilər. Onlar məndən aclığa son qoymağımı istədilər və söz verdilər ki, yaxın gələcəkdə mənim tələblərimə baxılacaq. Lakin mən onlara cavab olaraq bildirdim ki, Konstitusiyanın (Anayasa) 134-cü maddəsi icra olunmayana və həbsxanadan azad edilməyənədək aksiyanı davam etdirəcəm. Ya azad olub evə gedəcəm vəya aclıq aksiyasında öləcəm”- deyə azərbaycanlı fəal bildirib.
Noyabrın 17-də ailəsi ilə telefon əlaqəsi saxlayan fəal son günlərdə ürək ağrısından əziyyət çəkməsi, hamam probleminin davam etməsi, qənd və duzdan istifadə edə bilməməsindən danışıb. Fəalın sözlərinə görə, əsgərlər zindan məsullarının qorxusundan ona yetəri qədər su verməkdən belə imtina edirlər.
M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. O, noyabrın 4-də azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edildikdən sonra yeni həbsxanada aclıq aksiyasını davam etdirib.
Murtaza Muradpur noyabrın 1-də Təbrizin mərkəzi zindanının 12-ci korpusunda zindan məsullarının davranışlarına etiraz etdiyinə görə həbsxananın nəzarətçiləri tərəfindən döyülüb və aldığı zərbələrdən qısa müddət huşunu itirib. Bu hadisə onunla eyni korpusda saxlanılan azərbaycanlı milli-mədəni fəal Hüseyn Əliməhəmmədinin bir polyak (ləhistanlı) məhbusun təhqir edilməsinə etiraz etdiyinə görə digər məhbuslar və həbsxana nəzarətçilərindən olan Sultani adlı birisi tərəfindən döyüldükdən sonra baş verib.
Amnesty International son vaxtlar İranın müxtəlif zindanlarında aclıq aksiyası keçirən 8 məhbus, o cümlədən türk fəallar Rəsul Rəzəvi və Murtaza Muradpur haqqında bəyanat yayaraq onların dərhal sərbəst buraxılmasını tələb edib.
Beynəlxalq insan haqları qurumu fəalları vicdan məhbusu adlandırmış, onların sadəcə insani haqlarından istifadə etdikləri üçün həbs edildiyini bildirmişdir.