Yazan və səsləndirən: Hacər ibrahimi
Baharın gəlişi hər zaman yeni başlanğıcların, yenidən doğuluşun müjdəsi olub. Amma elə torpaqlar var ki, onlara bahar bir başqa gəlir. təkcə çiçəklərin açması, günəşin doğması ilə deyil, azadlıq nəfəsi ilə. Güney Azərbaycanın da baharı gələcək, amma o bahar yalnız təbiətin oyanışı deyil, bir millətin yenidən doğuluşu olacaq.
O gün gələndə, Təbriz səhərini göz yaşları içində açacaq. amma bu dəfə kədərdən yox, sevincdən. Urmiyənin küçələrində insanlar bir-birinə sarılıb həsrətini çəkdikləri azadlığı qucaqlayacaqlar. Zənganda, Ərdəbildə, bütün Azərbaycan torpaqlarında bir nida yüksələcək: “Biz burdayıq! Biz varıq! Biz azadıq!”
Həmin gün nə qadağalar olacaq, nə qorxular, nə də susmağa məcbur edilən dillər. O gün ana dilimiz məktəblərdə səslənəcək. Füzulidən, Nəsimidən, Babəkdən, dərslər keçiriləcək. uşaqlar ana laylalarını qürurla öyrənəcək. "Mən Türkəm!" demək nə qorxu gətirəcək, nə cəsarət tələb edəcək . bu, sadəcə, bir həqiqət olacaq.
Əsrlərin susqunluğu bir anda qırılacaq. Tarixin içində basdırılan arzular, boynubükük xatirələr, yarımçıq qalan mahnılar azadlıq nəğməsinə çevriləcək. Küçələrdən, meydanlardan, evlərin ən dərin künclərindən tək bir nida yüksələcək: "Yaşasın Azərbaycan!"
O gün Arazın həsrət dolu suları səssiz ağlamayacaq artıq, qovuşmağın, bir olmağın nəğməsini oxuyacaq. O gün hər kəs biləcək ki, bir millət əsarətə boyun əymədi, və heç zaman da əyməyəcək! O gün bayrağımız dalğalandıqca, hər qəlbdə azadlıq küləyi əsəcək.
Bax, o gün bahar bizə başqa gələcək, Çünki o bahar təkcə torpaqlara yox, ruhumuza gələcək. O gün elimizin, obamızın üstündən çəkilən kölgələr yox olacaq, həsrətin, ayrılığın boynubükük illəri bitəcək.
Və biz o baharın gəlişini bayrağımızın kölgəsində, azadlığın nurunda qutlayacağıq.
Bahar istəyiriksə, birlik olaq! Çünki azadlıq ancaq birlikdən doğar!
Amma bu birlik yalnız duyğularımızda, xəyallarımızda yox, real addımlarla da ifadə olunmalıdır. Güney Azərbaycanın azadlığı yalnız gözləməklə, arzulamaqla gəlməyəcək. Biz o baharı yaratmaq üçün çalışmalıyıq!
Bəs nə etməliyik?
Dilimizə sahib çıxmalıyıq! Ana dilimizdə yazmalı, oxumalı, danışmalı və gələcək nəsillərə ötürməliyik. Əgər dilimizi yaşada bilsək, kimliyimizi də yaşadarıq.
Təhsilə önəm verməliyik! Maariflənmək, elmə yiyələnmək, tariximizi və haqlarımızı öyrənmək bizim ən güclü silahımız olacaq. Savadsız millət azadlıq qazana bilməz!
Mədəniyyətimizi qoruyub yaymalıyıq! Musiqimiz, ədəbiyyatımız, folklorumuz – bunlar bizim varlığımızın sübutudur. Kimliyimizi ifadə etməyin ən güclü yolu mədəni irsimizi yaşatmaqdır.
Siyasi və ictimai fəallığımızı artırmalıyıq! Dünya bizi tanımalı, haqlarımızı bilməli və səslərimizi eşitməlidir. Qorxmamalıyıq, çünki azadlıq qorxaq ürəklərə gəlmir!
Biz nə qədər güclü olsaq, bir o qədər tez o baharı qarşılaya bilərik. O bahar sadəcə gözlədiyimiz bir möcüzə yox, öz əlimizlə qurduğumuz bir sabah olmalıdır!
Elə isə, gəlin bu baharın yolunu açaq! Qoy, azadlıq bizdən başlasın, qoy, o gün bizim birliyimizin, gücümüzün nəticəsi olsun!
Yaşasın Azərbaycan!
Bahar Bayramınız qutlu olsun.