Güney Azərbaycanda Mədəniyyət və İdmanın Rejim Alətinə Çevrilməsi
“Əslində heç nə göründüyü kimi deyil.”
Bu sadə cümlə, bəzən bir şübhə ifadəsi kimi görünə bilər. Lakin avtoritar rejimlərin hökm sürdüyü cəmiyyətlərdə bu cümlə bəzən bir xəbərdarlığa çevrilir: Reallıq çox vaxt pərdələrin arxasında gizlənir. Gündəlik həyatın içində adi görünən hadisələr, bir konsert, bir futbol qarşılaşması, bir bayram tədbiri əslində çox zaman incə şəkildə qurulmuş siyasi oyunların səhnəsi olur. Güney Azərbaycanda da bu pərdə arxası həqiqətlər getdikcə daha aydın görünür.
İran rejimi uzun illərdir ki, Güney Azərbaycan türklərinin milli kimliyini tanımamaqla yanaşı, bu kimliyin dirçəlişini də müxtəlif vasitələrlə boğmağa çalışır. Bu vasitələr arasında xüsusilə diqqət çəkənlər , mədəniyyət və idmandır. Sanki zərərsiz, əyləncəyə yönəlik fəaliyyətlər kimi təqdim olunan bu sahələr, əslində ictimai şüuru nəzarətdə saxlamaq üçün istifadə olunan yumşaq güc vasitələridir.
Bəzən bir konsertə icazə verilir. İnsanlar illərdir həsrət qaldıqları sənətkarı canlı izləmək fürsəti tapdıqları üçün sevinirlər. Sosial mediada coşğu dolu paylaşımlar edilir. Amma bu sevinc, rejimin diqqətlə planladığı bir nəfəslik manipulyasiya taktikasıdır xalqın içindəki gərginliyi azaltmaq, diqqəti əsas məsələlərdən yayındırmaq üçün.
Futbol tribunasındakı sevinc də oxşar ssenari üzrə yazılır. Güneyli bir komandanın qələbəsi sanki milli uğur kimi təqdim olunur. Amma bu coşqunun içində, ana dilində təhsil istəyimiz, milli haqlarımız, həbsdə yatanlarımız, siyasi təmsilçiliyimiz, iqtisadi bərabərlik kimi əsas tələblər səssizcə itir.
Rejim, Güney Azərbaycanı tamamilə əzmək istəmir. Çünki bu, xalqda daha güclü müqavimət və üsyan dalğası yarada bilər. Bunun əvəzinə, “kontrollu nəfəs” siyasəti yürüdülür: xalqın azadlıq arzusunu tamamilə məhv etmədən, onu müəyyən çərçivələrə salmaq, məcrasından çıxmağa qoymamaq.
Bu siyasətin əsas məqsədi, insanları gündəlik problemlərlə, süni uğurlarla məşğul saxlamaqdır. Əyləncənin verdiyi müvəqqəti rahatlıq hissi, xalqın strateji düşünməsini zəiflədir. Beləcə, rejim tələbləri ertələyir, enerjini zərərsiz kanallara axıdır, müqavimət gücünü passivləşdirir.
Bu gün Güney Azərbaycanın qarşısında duran ən mühüm vəzifə , bu manipulyasiya siyasətini görmək, onu ifşa etmək və oyunu pozmaqdır. Əyləncə bizim haqqımızdır, amma o, milli haqlarımızın yerinə keçə bilməz. Bir konsert, bir idman uğuru, xalqın taleyini müəyyən edə bilməz.
Əsl mübarizə, mədəni və siyasi şüurun yüksəldilməsi ilə mümkündür. Əgər biz bu oyunu zamanında və düzgün oxuya bilsək, əyləncə pərdəsinin arxasındakı həqiqətləri görə bilərik. O zaman rejimin “kontrollu sakitlik” siyasəti daha da mənasızlaşar və Güney Azərbaycan xalqı öz yolunu, öz səsini, öz taleyini özü müəyyən edər.