Bu gün bir yol ayrıcındayıq. Bizim kimliyimizin, ruhumuzun və tariximizin təməli olan dilimiz sadəcə bir ünsiyyət vasitəsidirmi, yoxsa varlığımızın özü? Bu sual sadəcə mədəni və ya ədəbi bir məsələ deyil bu, bir millətin yaşayıb-yaşamayacağının sualıdır. Və Güney Azərbaycanın azadlıq mübarizəsində bu sualın cavabı həyati əhəmiyyət daşıyır.
İllərdir bir tərəddüd içindəyik: Düşüncəmizi farsca ifadə etməliyik, yoxsa türkcə? Bəziləri deyir ki, farsca yazmaqla daha çox insana çata bilərik. Hətta belə düşünənlər də var: “Düşməni onun silahı ilə vurmaq lazımdır.” Amma bu fikrin içində görünməyən, amma çox ciddi bir təhlükə gizlənir. Biz kim üçün mübarizə aparırıq, kim üçün yazırıq?
Dil təkcə bir vasitə, bir silah deyil o həm də bizim sipərimizdir, özümüzü qoruduğumuz səngərdir. Əgər bu mübarizə xalq üçündürsə, o zaman xalqın dilində aparılmalıdır. Çünki öz dilində düşünə bilməyən bir millət, zamanla öz fikirlərini də itirər, yadlaşar. Keniyalı yazıçı Ngugi Wa Thiong 'o bu həqiqəti belə izah edir:
“Dil, dünyanı necə gördüyümüzün çərçivəsidir. Sömürgəci dildə düşünmək, sömürgə dünyagörüşünə tabe olmaq deməkdir.”
Biz də bu fikri ciddi qəbul etməliyik. Farsca yazdıqda, fərqinə varmadan xalqımıza belə bir mesaj göndəririk: “Sizin diliniz bu mübarizəyə yetərli deyil.” Bu isə artıq mənəvi təslimiyyətin başlanğıcıdır.
Tarix bizə çox şey öyrədib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti türkcəni rəsmi dil elan edəndə, o dövrün ziyalıları rus və fars dillərinə daha çox alışmışdılar. Amma onlar anladılar: xalqı oyatmaq üçün onun öz dilində danışmaq, tanış səslərlə səslənmək lazımdır.
Əlbəttə, fars dili bu coğrafiyanın bir reallığıdır və bəzi sahələrdə – diplomatiyada, tərcümədə öyrənilməsi vacibdir. Amma strateji səviyyədə, xalqın ruhunu oyatmaq, kimliyini qorumaq və gələcəyi qurmaq üçün bizə yalnız bir yol qalır: Türkcə danışmaq və yazmaq.
Türkcə yazmaq sadəcə ədəbi bir seçim deyil bu, siyasi mövqedir. Bu qərarı verə bilməyən bir hərəkat, ideoloji mübarizədə artıq yolun əvvəlində məğlub sayılır.
Bu gün bizə çox şey lazımdır: təşkilatlanmaq, maariflənmək, həmrəy olmaq. Amma bunların heç biri ana dilimiz olmadan mümkün deyil. Xalq yazmalıdır, danışmalıdır, düşünməlidir. Və bu, yalnız onun doğma dili ilə mümkündür.
Bəziləri deyə bilər: “Onsuz da farsca yazdıq, xalq oyandı. Traxtur stadionlarında bayraq qaldıranlar, hayqıranlar, balacalarin şeir oxumasi və… bunun sübutudur.” Düzdür, Traxtur stadionları bu xalqın içindəki milli duyğunun ifadə olunduğu yerlərə çevrilib. Amma sual budur: bu enerji hara gedir? Nə ilə nəticələnir?
Traxtur sevgisi xalqın içindən gələn səmimi bir duyğudur. Amma bu duyğu, bu reaksiyanın arxasında ideoloji bir proqram, təşkilatlanmış bir hərəkat yoxdursa, o zaman bu enerji hər oyundan sonra sönən bir duyğusal dalğadan o yana keçə bilməz.
Bu coşqunu davamlı milli bir oyanışa çevirmək üçün bizə yazı, təhsil, təşkilatlanma və siyasi fəaliyyət lazımdır. Əgər bu enerji Türkcə düşüncəyə, yaradıcılığa və hərəkatlara çevrilməzsə, sadəcə bir hiss dalğası olaraq qalacaq.
Rejim də bunu yaxşı anlayır. Stadionda bir az qışqırıb sonra səssizləşən bir xalq, yazıb-oxumağı bilmirsə, rejim üçün təhlükəli deyil. Amma Türkcə yazan, düşünən, təşkilatlanan bir xalq artıq ideoloji cəbhədə ciddi bir qüvvədir. Və məhz bu, rejimi qorxudan əsas amildir.