Bəzən yazmaq istəyirsən. Elə bil içinə sığmayan bir dünya var. Dərdin, həsrətin, sözün, deyə bilmədiklərin var. Vətən deyə için ağrıyır. Həsrət deyirsən, amma bu sadəcə məsafə deyil. bu, kimsənin anlamadığı bir yanğın. Qürbətdə olmasan da, qürbət içində yaşayırsan. Hər şey tanış görünür, amma heç nə doğma deyil. Elə bil sən bu yerlərə aid deyilsən artıq. Səni anlayan yoxdur. Duymazdan gələnlər, səssiz qalanlar... Bəziləri isə daha dərinə gedib xəyanət edir, və sən susduğun üçün daha da rahat olurlar.

Bütün bunlar insanı yorur. Həyata qarşı. İnsana qarşı. Hətta bəzən özünə qarşı. Elə anlar olur ki, qələmi əlinə alırsan, yazmaq üçün amma sanki sözlər də gücünü itirir. Kağız ağ qalır, sən isə içində boğulursan. Yazmaq istəyirsən, amma həyat qarşında dayanır. Qələmini qırır, kağızını cırır. Tək qalmaqdan qorxursan, amma yazdıqca daha da tək hiss edirsən özünü.

Və içində bir səs pıçıldayır: Kimə yazırsan ki? Kim oxuyacaq? Sanki dinləyən var da yazırsan… Amma sən bilirsən: yazmaq bir cəsarətdir. Səsini duyurmaq deyil bəzən, sadəcə səssizliyə dözməməkdir. Və bir nəfər oxusa belə, yetər. Bəlkə də o bir nəfər sənin kimi susur, sənin kimi yorulub, sənin kimi yazmaq istəyir , amma yaza bilmir.

Ona görə də yazırsan. Yaralı ürəyinlə, yarımçıq cümlələrinlə, bəlkə də qırıq-qırıq hisslərinlə. Yazırsan ki, içindəki vətən sağ qalsın. Yazırsan ki, səni anlayan bir nəfər səni unutmasın. Yazırsan ki, səssizliyə təslim olmayasan.

Amma yazdıqca bir başqa gerçəklə də üz-üzə qalırsan: insanlar indi yalanı daha çox sevir. Saçma-sapan saytlar, şişirdilmiş başlıqlar, içi boş xəbərlər, milyonlarla paylaşılır. Kim danışırsa doğru danışdığı üçün deyil, çox “izlənildiyi” üçün haqlı görünür. Doğrunun səsi eşidilmir, çünki reytinq gətirmir. Kimin kimlə sevgili olduğu, hansı məşhurun nə geyindiyi, hansı blogerin hansı boş sözləri dediyi, gündəm olur. Amma bir millət susdurulursa, bir ana övladını gözləyirsə, bir məhbus zindanda nəfəs almağa çalışırsa, heç kimin vecinə deyil.

Bizi geri salan da budur. Doğrunu susduran bir dövr. Həqiqətin dəyərsizləşdirildiyi bir mühit. Susduqca, yalan daha da güclənir. Biz isə yavaş-yavaş özümüzə yadlaşırıq. İçimizdəki o “aidlik hissi” yox olur. Çünki artıq nə dinləyən var, nə də düşünən.

Və sən bütün bunların ortasında bir ümid kimi yazırsan. Sanki bu yazılarla bir şeyi xilas edirsən. Bəlkə də özünü. Bəlkə də bir başqasını. Həqiqəti xatırlatmaq üçün. Unudulmasın deyə. Səni və sən olanları anlamayanlara inad bir nəfər üçün yazırsan. O bir nəfər üçün ki, bəlkə də o da səssizcə içində boğulur.

Və sən yazdıqca, nə qədər yarımçıq qalsa da, o yazılar bir gün tamamlanacaq. Hər susqunluğun bir cümləyə çevriləcəyi, hər ağrının bir hekayə olacağı bir gün var. Və o gün gəldiyində sən artıq sadəcə yazan biri olmayacaqsan. sən danışa bilməyənlərin səsi olacaqsan.