Noyabrın 30-da aclıq aksiyası 37-ci günə daxil olan azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpur uzun müddət aclıqdan sonra həbsxanada huşunu itirib.

Noyabrın 29-da qardaşı ilə telefon əlaqəsi saxlayan fəal, aclıq aksiyasının 34-cü günündə (bazar günü) ümumi zəiflik və halsızlıq nəticəsində huşunu itirərək yerə yıxıldığını bildirib.

Bir müddət sonra özünə gələn fəalın baş nahiyyəsindən yaralandığı və alnının şişdiyi bildirilir. Azərbaycanlı fəal özünə gələndən sonra zindan məsullarının israrına rəğmən poliklinikaya getməkdən imtina edib.

Kərəcin Rəcayişəhr həbsxanasında aclıq edən fəal noyabrın 23-də də qardaşı ilə telefon əlaqəsi saxlayıb. “Zindan rəisi və müavini, zindana nəzarət edən müstəntiq, hökmlərin icrasının məsulu və daha bir neçə yetkili şəxs mənimlə söhbət etdilər. Onlar məndən aclığa son qoymağımı istədilər və söz verdilər ki, yaxın gələcəkdə mənim tələblərimə baxılacaq. Lakin mən onlara cavab olaraq bildirdim ki, Konstitusiyanın (Anayasa) 134-cü maddəsi icra olunmayana və həbsxanadan azad edilməyənədək aksiyanı davam etdirəcəm. Ya azad olub evə gedəcəm vəya aclıq aksiyasında öləcəm”- deyə azərbaycanlı fəal qardaşına bildirib.

M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-də aclıq aksiyasına başladığını elan edib. O, noyabrın 4-də azərbaycanlı fəal Rəsul Rəzəvi ilə birlikdə Təbrizin mərkəzi zindanından Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edildikdən sonra yeni həbsxanada aclıq aksiyasını davam etdirib.

Murtaza Muradpurun ailəsi ilə bərabər türk fəallar və hüquq müdafiəçiləri də onun sağlıq durumunun ciddi risk altında olduğunu önə çəkərək, narahatlıqlarını ifadə edirlər.

 report