İranda azərbaycanlıların milli haqları uğrunda apardığı dinc fəaliyyətinə  görə 5 aydır həbsdə saxlanılan fəal Siyamək Mirzayi, vəkilinin vasitəçiliyinin ardınca aclıq aksiyasına başlamağı təxirə salıb.

Siyamək Mirzayinin vəkili Əfşarniya, onun işinə baxan hakim Rəcəbi ilə telefon əlaqəsi saxlayaraq müvəkkilinin müvəqqəti azadlığa buraxılması üçün təyin edilən 1 milyard tümənlik mülki vəsiqə girovunun ağır olduğunu bildirərək, buna yenidən baxılmasını tələb edib. Hakim isə bununla razılaşaraq əedəbilli fəalın dosyesindəki ittihamlara uyğun olaraq onun müvəqqəti azadlığa buraxılması qarşılığında daha yüngül bir qərarın qəbul ediləcəyini bəyan edib. Bununla da Siyamək Mirzayi aclıq aksiyasına başlayacağı tarixi təxirə salıb.

Hazırda Evin zindanının 209-cu korpusunda saxlanılan Siyamək Mirzayi bir neçə gün əvvəl ailəsinə zəng vuraraq bildirmişdi ki, onun durumu naməlum olaraq qalır və ETTELAAT-ın mülki geyimli əməkdaşlarının ona qarşı yeni iş (dosye) açılması ilə bağlı cəhdi dayandırılmasa və onun azadlığa buraxılması təmin edilməsə, dekabrın 3-dən aclıq aksiyasına başlayacaq.

Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini iyulun 14-ü axşam saatlarında Ərdəbilin yaxınlığındakı Parsabad şəhərindəki şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.

 Azerbaijan