Azərbaycanlı millət vəkili türk dilinin universitetlərdə tədrisi ilə bağlı öz nigaranlığını dilə gətirib.
“Türk dilinin universitetlərdə tədris edilməsi planı bu dilin işə yaramadığını göstərmək və onu gündəmdən çıxarmaq üçündür”. “Fars” xəbər agentliyinin yaydığı məlumata görə, bu sözləri Mərənd və Culfa şəhərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnejad bildirib.
“Türk dilinin universitetlərdə tədris olunması bir ssenaridir. Bunun peşə ilə bağlı gələcəyi olmadığı üçün bu ixtisasa meyil göstərənlərin sayı az olacaq. Sonra bu məsələ türk dilini gündəmdən çıxarmaq üçün bir bəhanəyə çevriləcək. Bu dil məktəblərdə tədris olunmalıdır”- deyə azərbaycanlı millət vəkili vurğulayıb.
Qeyd edək ki, ötən aylarda 42 deputat İran prezidenti Həsən Ruhaniyə məktub yazaraq türk dilinin ibtidai və orta məktəblərdə tədris olunmasını tələb ediblər.
Bu il Azərbaycan türkcəsi və ədəbiyyatı mövcud ixtisaslara əlavə edilib, Təbriz universiteti artıq bu ixtisas üzrə 30 nəfər öyrənci qəbul edib.