50 günə yaxındır aclıq aksiyası keçirməkdə olan azərbaycanlı milli-mədəni fəal Murtaza Muradpurun məhkəmə işi ilə bağlı heç bir dəyişiklik yoxdur.
Məlumata görə, ötən günlərdə Təbriz Apelyasiya Məhkəməsinin 4–cü Şöbəsinə göndərilən dosye baxılmadan Hökmləri İcra edən Şöbəyə qaytarılıb.
Siyasi məhbusun ailə üzvləri dekabrın 8-də Şərqi Azərbaycan Prokurorluğu və Apelyasiya Məhkəməsində olublar. M.Muradpurun anası bildirib ki, “məsullar məhbusun barəsində konstitusiyanin 134-cü maddəsinin icrasına qarşıdır. Onlar bildirir ki, sözügedən maddənin icrası məhkumun ziyanınadır.”
Digər tərəfdən isə bildirilir ki, sözügedən dosye ilə birlikdə təhlükəsizlik qüvvələri tərəfindən hazırlandığı ehtimal edilən bir məktub da Apelyasiya Məhkəməsinə göndərilib. Həmin məktubda qeyd olunub ki, “134-cü maddənin icrası məhkumun ziyanınadır”. Fəalın ailəsi bütün bunları nəzərə aldıqdan və mövqeləri müqayisə etdikdən sonra belə fikirə gəlib ki, Apelyasiya Məhkəməsi təhlükəsizlik qüvvələrinin təsiri altında qərar verib və dosyeni olduğu kimi Hökmləri İcra edən Şöbəyə göndərib.
Siyasi məhbusun ailəsi həmçinin bildirir ki, Apelyasiya Məhkəməsinin çıxardığı qərar dekabrın 10-da elan olunmalı idi, lakin dosye təyin olunmuş vaxtdan daha öncə Hökmləri İcra edən Şöbəyə qaytarılıb. Bu da hakimlərin müstəqil qərar vermədiyi ehtimalını gücləndirir. Ola bilsin ki, hakimlər təhlükəsizlik qüvvələrinin dosye ilə birlikdə göndərdiyi məktubu oxuduqdan sonra belə bir qərara gəliblər.
Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Onun sağlıq durumunun kritik olduğu bildirilir.