AzoH: Batı Yötaland Azərbaycan Evi Birliyinin qərarı və “Babək” Azərbaycan Kurslar Dərnəyinin təşkilatçılığı ilə İsveçin Yöteburq şəhərində “Azərbaycan Türklərinin boyqırım günü – 26 Azər/17 Dekabr” mövzusunda konfrans keçirildi. Konfrans əlamətdar bir çağa – BMT-nin Dünya İnsan Haqları Bəyannaməsini qəbul etdiyi 10 dekabr gününə salınmışdı. Çünki 1946-cı il 12 dekabr – 21 Azər günü şah qoşunları insan haqlarını pozaraq təkcə Azərbaycan Milli Hökumətini ortadan qaldırıb minlərlə insanı öldürmədi, həm də beş gün sonra – 17 dekabrda ana dilimizdə olan kitabları, əlyazmaları, qəzet-dərgiləri yandırdı və buna əngəl olmaq istəyən öyrətmənləri, şagirdləri belə güllələdi.
Yöteburqdakı Angered Blo Stellet (Mavi ev) salonunda keçirilən toplantını “Babək” Azərbaycan Kurslar Dərnəyi adından Azər xanım Heydərqızı açdı. Azərbaycan Milli Hökuməti dövründəki milli marş səsləndirildikdən sonra kitabların yandırılmasını canlandıran qısa bir film göstərildi və daha sonra söz çıxışçılara verildi.
Toplantıda AMEA Folklor İnstitunun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil, ərdəbilli tanınmış milli mübariz Əjdər Tağızadə, üskülü iqtisadçı alim Hüseyn Yəhyayi, AZOH-un Avropa təmsilçisi sulduzlu Əmir Mərdani, “Babək” Azərbaycan Kurslar Dərnəyinin sədri Eldar Qaradağlı, Yöteburqdakı “Azərbaycan Demokratiya Ocağı”nın sədri Arif Rəhimoğlu çıxış etdi, İranda Azərbaycan Türklərinin insan və toplum haqlarının uluslararası hüquq sənədlərinə zidd olaraq yüz ildən bəri kobudluqla pozulmaqda olduğunu faktlarla göstərdi, bu məsələnin dünya ictimai rəyinə duyurulması zərurətini vurğuladılar.
Sonda konfrans iştirakçılarının qərarı ilə qətnamə qəbul edildi. Qətnaməyə görə, 26 Azər/17 Dekabr Azərbaycan Türklərinin boyqırım günü olaraq hər il qeyd edilməli, boyqırımı törədən Fars şovinizmi ifşa olunmalı, dünyada boyqırım gününə siyasi-hüquqi qiymət verilməli, 26 Azər/17 Dekabr gününün dünya üzrə boyqırım günü kimi qəbul edilməsi üçün YUNESKO-ya – BMT-yə müraciət olunmalıdır.
https://www.youtube.com/watch?v=no70aF0TdOU&list=PLVPSPW5gFo4oJ2bCI4F9PxY-dT4uCtZ0Z&index=1
**********************************************************
Batı Yötaland Azərbaycan Evi Birliyinin qərarı və
“Babək” Azərbaycan Kurslar Dərnəyinin təşkilatçılığı ilə keçirilən
“Azərbaycan Türklərinin boyqırım günü – 26 Azər/17 Dekabr” konfransının
QƏTNAMƏSI
Dəyərli xanımlar və bəylər!
Öz milli kimliyimizi qorumaq və öz ana dilimizdə təhsil almaq başqaları kimi, bizim də sıradan bir insan və toplum haqqımızdır. Ancaq çox yazıqlar ki, Birləşmiş Millətlər Təşkilatının Dünya İnsan Haqları Bəyannaməsini qəbul etdiyi bu 10 dekabr günündə biz “Azərbaycan Türklərinin boyqırım günü – 26 Azər/17 Dekabr” konfransını keçirir və həmin haqqımızın yüz ildən bəri kobudluqla pozulmaqda olduğunu dünyaya duyurmaq istəyirik.
Xatırladaq ki, bir toplum üzvlərinin eyni bir etno-milli kimlik bilincinə söykənərək bütünləşə bilməsi o toplumun millətə çevrilməsi yolunda atılan ilk əsas addım sayılır. Eyni bir etno-milli kimlik bilinci isə milli mədəniyyətin etnik kökən, dil, tarix, ədəbiyyat, musiqi, məktəb, çap, mətbuat, radio-TV vb. təməlləri üzərində qurular. Etno-milli mədəniyyətin bu təməllərinin dövlət düzeyində sistemli məhvinə yönəlmiş siyasət elmdə daha çox kültürəl soyqırım, yaxud etnosid, Azərbaycan Türkcəsində isə boyqırım adlanmaqdadır.
Fars şovinizmi Türk etno-milli adımızı dəyişdirmiş, Azərbaycan Türklərinin etnik kökənini danmış, dilini yasaqlayaraq nəinki ali və ya orta, hətta ibtidai məktəbə belə yaxın buraxmamış, çap və kütləvi informasiya vasitələrindən uzaq tutmuş, musiqisini hər yolla sıxışdırmış, tarixini saxtalaşdırmış, ədəbiyyatını kiçimsəmiş, milli varlığını lağ, istehza hədəfinə çevirmiş, bir sözlə, açıq-aydın zorakılıqla boyqırım siyasəti yürütmüşdür. Fars şovinizminin yürütdüyü bu insanlıqdışı boyqırım siyasətinin zirvə nöqtəsi ana dili dərslikləri başda olmaqla Azərbaycan Türkcəsindəki kitabların, əlyazmaların, qəzet və dərgilərin yandırıldığı, ana dilində dərs deyən öyrətmənlərin öldürüldüyü, öz ana dilində bircə il – Azərbaycan Milli Hökuməti (1945 - 1946) zamanı təhsil almış neçə-neçə şagirdlərin qətlə yetirildiyi 26 Azər/17 Dekabr günü oldu.
Fars şovinizminin 1946-cı il 26 Azər/17 Dekabr günündə törətdiyi bu vəhşilikdən artıq yetmiş il keçməkdədir və çox yazıqlar ki, Azərbaycan Türklərinə qarşı yürüdülən həmin boyqırım siyasəti hələ də bütün gücü ilə davam etməkdədir. Biz – bu konfransa qatılanlar yetmiş illiyi tamam olan 26 Azər/17 Dekabr gününü Azərbaycan Türklərinə qarşı yüz ildən bəri uyqulanan boyqırım siyasətinin simgəsi olaraq qəbul edir və qərara alırıq ki, hər ilin 26 Azər/17 Dekabr gününü Azərbaycan Türklərinin boyqırım günü olaraq qeyd edək.
Aldığımız bu qərara söykənərək əlli milyonluq Azərbaycan Türkünün dünyadakı bütün ictimai-siyasi-kültürəl-iqtisadi… qurumlarına, öz milli kimliyinə yiyə duran, ona sayğı duyan hər bir Azərbaycan insanına müraciət edirik. Bizə görə, Azərbaycan Türklərinin milli haqları uğrunda aparılan mübarizəyə dünya ictimai rəyində legitimlik – məşruluq qazandırmaq çox önəmlidir və bu nədənlə də düşünürük ki:
1. Hər ilin 26 Azər/17 Dekabr günü Azərbaycan Türklərinin boyqırım günü kimi qeyd edilməli və bu tarixi gün xalq içərisində geniş yayılaraq tanınmalı, ana dilimizin yandırılmış kitabları (əlyazmaları, qəzetləri, dərgiləri), ana dilimizə önəm verdiyi üçün öldürülmüş öyrətmənlərimiz, məktəbli uşaqlarımız, qapadılan məktəblərimiz… anılmalı, xatirələri daim əziz tutulmalıdır;
2. 26 Azər/17 Dekabr boyqırım günü başda olmaqla Azərbaycan Türklərinə qarşı yürüdülən boyqırım siyasəti dünya ictimai rəyinə duyurulmalı, Fars şovinizminin iç üzü hər yanda və bütün yönlər üzrə tanıdılıb ifşa edilməlidir;
3. Demokratik ölkələrdə ictimai-siyasi qurumların, insan və toplum haqları uğrunda mübarizə aparan aydınların, uyğun uluslararası təşkilatların 26 Azər/17 Dekabr boyqırım gününü dəyərləndirməsinə, ona siyasi-hüquqi qiymət verməsinə nail olunmalıdır;
4. Başda YUNESKO olmaqla Birləşmiş Millətlər Təşkilatına ardıcıl müraciətlər edilməlidir ki, 26 Azər/17 Dekabr günü dünya üzrə boyqırım günü kimi qəbul olunsun və bu istək gerçəkləşənədək müraciətlərin ardı-arası kəsilməməlidir.
Yöteburq şəhəri
2016-12-10