Dekabrın 10-da Təbriz Su və Kanalizasiya idarəsinin apardığı qazıntı işləri zamanı bir kütləvi məzarın tapılması ilə əlaqədar şaiyələr mətbuat və müxtəlif siyasi-ictimai qrupların gündəmində yer alıb.

Yerli dövlət qurumları daxil olmaqla müxtəlif qruplar kütləvi məzarın aşkar edilməsindən bəri onun hansı dövrə məxsus olduğuna dair fərqli fikirlər yayır.

Təbriz qubernatorluğu ilk açıqlamalarda tarixi bir məzarlıqdan söz etsə də, daha sonra Şərqi Azərbaycan vilayətinin Mədəni İrs Təşkilatı məzarın tarixi dəyərə malik olmadığını bildirib.

Bəzi qruplar məzarın 1946-cı ilin dekabrında Azərbaycan Milli Hökümətinin devrildiyi zaman İran ordusunun qətlə yetirdiyi vətəndaşlara aid olduğunu önə çəkərkən, başqaları məzarın 1988-ci ildə İran İslam Respublikası tərəfindən bir çox siyasi məhbusun kütləvi şəkildə öldürülməsi olayına bağlayır.

İRNA xəbər agentliyinə istinadən, hazırda tibbi ekspertiza qurumu kimi yerli dövlət qurumları tərəfindən məsələ ilə bağlı ətraflı araşdırmalar aparılır.

 Azerbaijan