Təbrizin mərkəzi zindanında azərbaycanlı siyasi məhbus Murtaza Muradpurun aclıq aksiyası 51-ci günə daxil olub. Onun sağlıq durumunun kritik həddə çatdığı bildirilir.
Siyasi məhbusun ailəsi dekabrın 13-də prokuror Xəlilullahi və zindana nəzarət edən hakim Cəfər Fazilniya ilə görüşüb və Murtazanın vəziyyəti ilə bağlı məlumat verərək onun tələbinə baxılmasını istəyiblər. Lakin hər iki məsul şəxs Muradpur ailəsinə bildirib ki, “məhbus aclıq aksiyasını dayandırmayanadək onun dosyesi ilə bağlı heç bir addım atıla bilməz”.
Siyasi məhbus dekabrın 12-də aclıq aksiyasının 49-cu günündə Təbriz həbsxanasının poliklinikasına aparılıb, lakin o dava-dərman və sistem (serom) qəbul etməkdən imtina edib.
Son məlumata görə, Murtaza artıq yeriməyə belə qadir deyil. Qaraciyərinin yarısı sıradan çıxıb, böyrəkləri isə ciddi ziyan görüb. Siyasi məhbusun hər an ürəyi dayana vəya komaya düşə bilər. Onu hətta ölüm təhlükəsi də gözləyir.
Fəalın ailəsi bildirir ki, Murtazanın vəziyyətini sadəcə qan təzyiqi və ürək döyüntülərini nəzarətdə saxlamaqla kontrol edirlər. Lakin məhbusun ürəyinin hansı vəziyyətdə olduğu kimsəyə bildirilmir və bunun özü də xüsusi nigaranlıq doğurur.
Ötən günlərdə siyasi məhbusun qardaşı onun son vəziyyəti ilə bağlı “alarabiya.net”ə danışıb. “Mən son dəfə bazar günü Murtaza ilə danışdım. Onun sağlıq durumu olduqca kritikdir, halsızlıqdan normal danışa da bilmir. Cismi baxımdan çox zəifləyib və çətinliklə nəfəs alır. O komaya da düşə bilər”- deyə Fərdin Muradpur bildirib.
Təbrizin mərkəzi zindanında aclıq aksiyasına başlayan fəal bir müddət sonra Kərəcin Rəcayişəhr həbsxanasına sürgün edilib, daha sonra isə yenidən Təbriz zindanına qaytarılıb.
Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir.