Dekabrın 19-da Təbrizdə keçirilən etiraz aksiyasında tutulanların hamısı sərbəst buraxılıb.

Məlumata görə, Təbriz məhkəməsi qarşısında bu şəhərin mərkəzi zindanında aclıq aksiyası keçirməkdə olan azərbaycanlı siyasi məhbus Murtaza Muradpurla bağlı keçirilən aksiyada çox sayda fəal tutulmuşdur.

Artıq Fərdim Muradpur (Murtazanın qardaşı), Adil Buğçaçı, Mustafa Əvəzpur, Vəhid Faizpur, Siyamək Mərdani, Sədullah Sasani, Məhəmməd Mərdi, Milad Əkbəri, Hüseyn Məhəmmədiyan, Rəhman Əkbəri və Aliyə Novruzinin dekabrın 30-da vəsiqə qarşılığında sərbəst buraxıldığı bildirilir.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir. Təxminən iki aydır aclıq aksiyasında olan fəalın ölüm təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.

 Azerbaijan