İranda 3 ildir həbsdə saxlanılan Azərbaycan Respublikasının vətəndaşı Nigar Kərimova (Əfşarzadə) 4 il həbsə və 50 şallaq zərbəsinə məhkum edilib. Bu barədə, İrandakı hüquq müdafiəçilərinin xəbər orqanı sayılan “Hrana” agentliyi dekabrın 24-də məlumat yayıb.
Məlumatda bildirilir ki, iki həftə əvvəl Nigar Kərimovaya (Əfşarzadə) hərbi məhkəmədə hökm oxunub və məhkəmənin qərarı ilə o, 4 il həbsə və 50 şallaq zərbəsinə məhkum edilib. Azərbaycan vətəndaşının konkret nədə günahlandırıldığı haqda məlumat yayılmasa da, əvvəlki məlumatlarda onun “casusluq” ittihamına görə həbsdə saxlanıldığı bildirilib.
Hazırda Tehranın Evin zindanının qadınlar korpusunda saxlanılan 39 yaşlı Nigar Kərimovaya yaxın mənbələrdən birinin hüquq müdafiəçilərinə bildirdiyinə görə, məhkəmədə azərbaycanlı məhbusa bildirilib ki, şərti azadlıq qanunu ona da şamil edilib və o qarşıdan gələn 20 günə qədər sərbəst buraxılacaq.
Bildirilir ki, iki azyaşlı uşaqı ilə Türkmənistan Respublikasında yaşayan Nigar Kərimova, 2013-cü ilin dekabrında Məşhəd şəhərində tutulub və həbs edildikdən bir gün sonra Tehranın Evin zindanının 209-cu korpusuna köçürülüb və il yarım həmin korpusda saxlanılıb.