Təbrizin mərkəzi zindanında aclıq aksiyası keçirməkdə olan azərbaycanlı siyasi məhbus Murtaza Muradpurla bağlı dekabrın 24-də Təbriz məhkəməsi qarşısında növbəti dəfə etiraz yığıncağı keçirilib.
Yığıncağa siyasi məhbusun yaxınları ilə yanaşı bir neçə milli-mədəni fəal da qatılıb.
Məlumata görə, etirazçılardan bir neçəsi təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, onların arasında Saleh Molla Abbasi, Əkbər Əbulzadə və Mehdi Zəncirbulağinin olduğu qeyd olunur.
Şahidlər təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı zorakılıq tətbiq etdiyini deyir.
Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir, onun aclıq aksiyasının 61-ci günündə ölüm təhlükəsi ilə üz-üzə qaldığı bildirilir.