Bakıda bir qrup gəncin təşkilatçılığı ilə dekabrın 22-də Güney Azərbaycanda (İran) həbs olunan və hazırda aclıq aksiyası keçirən milli fəal Murtəza Muradpura həsr olunan konfrans keçirilib. Bu barədə Dünya Azərbaycanlıları Konqresi məlumat yaylıb.
M.Muradpur etnik azlıqlar haqqında hazırkı qanunvericiliyin təkmilləşdirilməsi və mövcud qanunvericilikdə boşluqların aradan qaldırılması üçün keçirilən aksiyaları dəstəklədiyi üçün İran hökuməti tərəfindən həbs edilib. Məqsədi İran İslam Respublikasının vətəndaşları olan Azərbaycan türkləri üçün ana dilində təhsilə nail olmaqdır.
Milli fəal həm də ətraf mühit məsələlərinə də biganə qalmayıb, Urmiyə gölünün səhralaşmasına da etirazını bildirib.
M.Muradpur hazırda Kərəc zindanında saxlanılır və atrtıq 58 gündür aclıq edir. O, ədalətsiz həbsinə etiraz edir və azadlığa buraxılana qədər aclıq aksiyası keçirəcəyinə söz verib.
İran cəza məcəlləsinin 134-cü bəndinə əsasən onun cəza müddəti 2 ildən çox olmamalıdır. Buna baxmayaraq, İran hökuməti onu qanunsuz olaraq həbsdə saxlamaqda davam edir.
Səhhəti ilə bağlı ciddi problemlər yaranan milli fəal böyrək xəstəliyindən də əziyyət çəkir və aclıq etdiyi dövrdə 44 kiloqram çəki itirib.
Konfransda M.Muradpurun fəaliyyəti, qanunsuz həbsi ilə bağlı məruzələr dinlənilib. Həmçinin milli fəalın qardaşı Fərdin Muradpurla da internet vasitəsi ilə canlı bağlantı qurulub.
F.Muradpur qardaşının səhhətinin daha da ağırlaşdığını bildirib. M.Muradpurdan aclığı dayandırması üçün israr edilsə də, milli fəal mübarizəsini dayandırmayacağını bəyan edib.