Murtaza Muradpurun anası, oğlunun aclıq aksiyasının 64-cü günündə səlahiyyətli orqanların məsələyə münasibəti və siyasi məhbusun son durumu haqda qısa mesaj yayıb.

Dekabrın 27-də xanım Məsumə Əmani tərəfindən yayılan Videoda məhkəmə orqanları və digər məsulların Murtazanın qanuni tələbinə laqeyd yanaşması xüsusi olaraq vurğulanır. Xanım M.Əmani bildirir ki, artıq oğlundan Azərbaycan adına aclıq aksiyasını dayandırmağı istəyəcək.

Onun bu açıqlaması bir çox azərbaycanlı milli-mədəni fəal tərəfindən dəstəklənib.

“Mən oğlum Murtazanın vəziyyətindən çox narahatam. Pezeşkiyan, Cabbarzadə və Qazipur oğlum üçün heç nə etmədilər, onlar qanunu da saymadılar. Başa düşdüm ki, dövlət, məhkəmə sistemi, Təbriz prokurorluğu, parlament xə Türk Fraksiyası üçün insanların həyatı heç bir əhəmiyyət daşımır. Onlar öz qanunlarını da ayaqlayır. Mənim oğlum haq tərəfdarı və başı ucadır. O iki aydan çox aclıq çəkməsi ilə bunu sübut etdi. Murtaza əqidəsi uğrundakı mübarizəyə canını qalxan etdi. Mən bu işlə günlərlə sədaqətli şəkildə məşğul olan şəxslərə öz təşəkkürümü bildirirəm. Çox sağolun ki, oğlumu tək qoymadınız. Murtaza və bizim səsimiz olduğunuza görə bir daha təşəkkür edirəm. İndi isə sizin icazənizlə bir ana kimi Murtazadan Azərbaycan adına aclıq aksiyasını dayandırmağı istəyəcəm.

Bundan sonra məsullardan Murtaza üçün heç nə istəməyəcəm, Murtaza kimi insanların həbsdə qalması bunlar üçün rüsvayçılıqdır. Murtazanın bir il həbsi qalmışdır, onun da iki aydan çoxu aclıq aksiyası ilə keçdi, qalan hissəsi də keçər. Qoy onu zindanda saxlayanlara ayıb olsun.

Bu sistemdə Murtaza kimi oğulların azadlıqda yaşaması hayıfdır, onlar gərək həbsdə qalıb və bu millətin səsi olsunlar”- deyə Videoda qeyd olunur.

Xatırladaq ki, M.Muradpur cəzasının yüngülləşdirilməsi ilə bağlı islam cəza qanununun 134-cü maddəsinin icra edilməməsi və azadlığa buraxılmamasına etiraz olaraq oktyabrın 25-dən aclıq aksiyası keçirir.

 report