Urmu Gölünü Canlandırma Mərkəzinin rəisi növbəti dəfə təmsil etdiyi qurumun maliyyə problemindən danışıb.
“Urmu gölünün canlandırılması üçün ayrılan 300 milyard rial büdcə vəsaiti hələ də Urmu Gölünü Canlandırma Mərkəzinə ödənilməyib və bu vəsaitin nə zaman təhvil veriləcəyi barədə heç bir məlumat yoxdur”- deyə İsa Kəlantəri mətbuata bildirib.
Son vaxtlar davamlı olaraq təmsil etdiyi qurumun maliyyə problemindən danışan İ.Kəlantəri vurğulayıb ki, “hazırda Urmu Gölünü Canlandırma Mərkəzi maliyyə baxımından ciddi problem yaşayır, ona görə də biz nəzərdə tutulan büdcə vəsaitini almaq üçün öz səyimizi göstərir və lazımi orqanlara müraciət edirik.”
Qeyd edək ki, artıq 95 faizi quruyan Urmu gölü böhranı heç bir şəkildə öz həllini tapmır. Başda ölkə prezidenti Həsən Ruhani olmaqla hökumət rəsmiləri bu barədə müxtəlif vədlər veriblər, lakin gölü qurtarmaq üçün heç bir əməli addım atılmayıb, bu vəziyyət olduğu kimi davam edir.