Ötən günlərdə Məlikanda (Məlikkəndi) təhlükəsizlik qüvvələri tərəfindən döyülərək yaxalanan azərbaycanlı milli-mədəni fəal Səccad Əfruziyandan yeni xəbər var.
Əldə etdiyimiz məlumata görə, azərbaycanlı fəal saxlandığı gündən sonra ilk dəfə olaraq ailəsi ilə telefon əlaqəsi saxlayıb. Fəal iki dəqiqəlik söhbətində Təbriz Sepah (İslam İnqilabı Keşikçilər Korpusu) Şöbəsinin Təhlükəsizlik Bölümündə saxlandığını bildirərək aclıq aksiyasının 5-ci günündə olduğunu qeyd edib. Telefon əlaqəsi ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) əməkdaşlarının kontrolu altında baş tutub.
S.Əfruziyan yanvarın 15-də ETTELAAT əməkdaşları tərəfindən döyülərək öz evində yaxalanıb. S.Əfruziyanı yaxalamaq məqsədi ilə evə hücum edən məmurlar onun ailə üzvlərinə qarşı kobud rəftarlara yol verib, anasını, oğlunun qanunsuz tutulmasına mane olduğu üçün döyüblər. 10 nəfərdən çox olduqları bildirilən ETTELAAT əməkdaşları evə daxil olarkən məhkəmə hökmü göstərməyiblər.
Məmurlar Səccadın qardaşı Fərdini də tutmaq istəyiblər, lakin evdə olmadığı üçün onu yaxalamaq mümkün olmayıb.
S.Əfruziyan tutulduğu zaman qanunsuz olaraq saxlanıldığı üçün etiraz aksiyası keçirəcəyini bildirmişdir.
S.Əfruziyan 2015-ci il noyabrın 12-də Məlikanda irqçiliyə qarşı keçirilən kütləvi etirazlardan sonra qardaşı Fərdin Əfruziyanla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Təbrizin ETTELAAT Şöbəsinə intiqal edilib. Onlar 40 gün saxlandıqdan sona mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.