Məlikanın İnqilab Məhkəməsi azərbaycanlı milli-mədəni fəal Səccad Əfruziyanın azadlığa buraxılması üçün təyin olunmuş 50 milyon tümənlik mülki vəsiqə qərarı qəbul etməkdən imtina edib.

Məlumata görə, S.Əfruziyanın yaxınları onu azad etdirmək üçün yanvarın 23-də Məlikan məhkəməsinə müraciət edərək mülki vəsiqə girov qoymaq istəyiblər, lakin məhkəmə məsulları bununla razılaşmayıb. Onlar hələlik Səccadın dindirilməsinin davam etdiyini qeyd edərək yaxın günlərdə prosesin başa çatacağı və vəsiqənin qəbul olunacağını bildiriblər.

S.Əfruziyan dinc mədəni fəaliyyətlərinə görə sistemin əleyhinə təbliğdə günahlandırılıb.

Fəal yanvarın 22-də digər azərbaycanlı fəal Mehdi Kuxiyanla birlikdə Təbriz Sepah (İslam İnqilabı Keşikçilər Korpuru) Şöbəsinin Təhlükəsizlik Bölümünün təcridxanasından Marağa zindanına köçürülüb. Onun müvəqqəti azadlığa buraxılması üçün 50 milyon tümənlik mülki vəsiqə qərarı çıxarılıb.

S.Əfruziyan yanvarın 15-də ETTELAAT əməkdaşları tərəfindən döyülərək öz evində yaxalanıb. Fəalı yaxalamaq məqsədi ilə evə hücum edən məmurlar onun ailə üzvləri, o cümlədən anasına qarşı kobud rəftarlara yol veriblər. Fəal bu vəziyyətə etiraz olaraq saxlandığı gündən etiraz aksiyasına başlayıb, o Marağa zindanına köçürüldükdən sonra aclıq aksiyasına son qoyub.

S.Əfruziyan 2015-ci il noyabrın 12-də Məlikanda irqçiliyə qarşı keçirilən kütləvi etirazlardan sonra qardaşı Fərdin Əfruziyanla birlikdə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanaraq Təbrizin ETTELAAT Şöbəsinə intiqal edilib. Onlar 40 gün saxlandıqdan sonra mülki vəsiqə qarşılığında Təbrizin mərkəzi zindanından azadlığa buraxılıb.

 Azerbaijan