Təbrizdə qrup şəklində “Modeling”lə (modelləşdirmə) məşğul olan daha 16 nəfər tutulub. Bu barədə, İranın Şərqi Azərbaycan əyalətinin təhlükəsizlik polisinin rəisi Məhəmməd Həsən Paşa, yanvarın 26-da jurnalistlərə açıqlamasında məlumat verib.

Polis rəisi bildirib ki, tutulan şəxslər virtual aləmdə banda şəklində fəaliyyət apararaq “Modeling” və onun gənclər arasında yayılması, eləcə də Qərb geyim mədəniyyətinin təbliği ilə məşğul olublar: “Təhlükəsizlik polis əməkdaşları sosial şəbəkələrdə və virtual aləmdə qrup şəklində fəaliyyət göstərən həmin şəxslərin kimliyini müəyyənləşdirildikdən sonra onlardan 16 nəfərini həbs ediblər. Məhkəmə orqanlarına təhvil verilən həmin şəxslərin barəsində cinayət işi açılıb. Məsələ isə araşdırılır”.

Məhəmməd Həsən Paşa həmçinin bildirib ki, “Modeling” işinin təbliğinə yardım edən və moda sahəsində fəaliyyət göstərən 5 mağaza və ticarət mərkəzi də bağlanılıb, sahibləri isə məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, son aylar, İranın müxtəlif şəhərlərində “Modeling” işi ilə məşğul olan yüzlərlə gənc qız və oğlan tutulub.

 report