İranda Azərbaycan türklərinin milli-mədəni haqları uğrundakı dinc fəaliyyətinə görə Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılan fəal, Siyamək Mirzayinin 1 milyard tümənlik mülki vəsiqə qarşılığında müvəqqəti olaraq azadlığa buraxlmasının qarşısı alınıb.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata əsasən, Tehranın Gülüstan inqilab məhkəməsinin özəl ETTELAAT idarəsinin müstəntiqi Bəhram Həsəni, bundan əvvəl fəalın müvəqqəti olaraq azadlığa buraxılması qarşılığında 1 milyard tümənlik mülki vəsiqə girov qoyulmasını tələb etsə də, sonradan öz qərarını dəyişib. Bildirilir ki, azərbaycanlı fəalın ailəsi min bir zəhmət və əzab-əziyyətlə istənilən vəsiqəni düzəltdikdən sonra yanvarın 26-da məhkəməyə müraciət edib. Lakin fəalın işinə baxan hakim, onu qəbul etməkdən imtina edib. Hakim, hər hansı bir izahat vermədən bildirilib ki, Siyamək Mirzayi hələlik azadlığa buraxılmayacaq. Bəhram Həsəninin ETELAAT əməkdaşlarının təzyiqi ilə vəsiqəni təhvil almaqdan imtina etdiyi təxmin edilir.
“ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini 2016-cı il, iyulun 14-də Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.
Yanvarın 21-də Tehran məhkəməsinin azərbaycanlı fəala çıxardığı hökm, yazılı şəkildə onun vəkilləri sayılan Cəfər Əfşarniya və Məhəmmədəli Əziziyə elan edilib. Məhkəmənin hökmü ilə Siyamək Mirzayi, ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq məqsədilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq 10 il həbsə, 2 il isə İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə sürgünə məhkum edilib.