Məhkəmə Marağa zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan haqda 300 milyon tümənlik mülki vəsiqə qərarı çıxarıb.
Məlumata görə, məkəmə bu günə qədər milli-mədəni fəal haqda vəsiqə qərarı çıxarmaqdan imtina edirdi, buna Məlikanın İran parlamentindəki millət vəkili Salman Xudadadinin mane olduğu bildirilir.
Məhkəmə qərarından sonra Marağa zindanında saxlanılan fəalın yaxın gələcəkdə müvəqqəti azadlığa buraxılacağı gözlənilir.
M.Kuxiyan dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəalın, idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası, bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlandığı bildirilir.
M.Kuxiyan “Məlikan şəhər xəbəri” Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.
Qanunsuz saxlanılmasına etiraz olaraq 2016-cı il dekabrın 21-də Marağa zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlayan fəal bir həftə sonra Təbriz “Sepah” Şöbəsinin təhlükəsizlik bölümünə köçürülmüşdür. “Sepah”ın təknəfərlik məhbəsində saxlanılan fəal yanvarın 22-də digər azərbaycanlı fəal Səccad Əfruziyanla birlikdə yenidən Marağa zindanına qaytarılıb.
Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.