Urmiyə məhkəməsi 6 azərbaycanlı milli-mədəni fəal barəsində həbs qərarı çıxarıb.

Qərara əsasən fəalların hər birisi saxlandıqları müddətin hesablanması şərti ilə 8 ay azadlıqdan məhrum edilib. Məhkəmə hökmünə, elan olunduğu gündən 20 gün ərzində etiraz etmək mümkündür.

Əldə etdiyimiz məlumata görə, Qulam Qulizadə (Qulaməli Hüseynqulizadə) Murtaza Zərrini, Meysəm Azadi, Vəhid Nəsibi, Vəhid Faezpur və xanım Süməyyə Əlidust Urmiyə məhkəməsinin 102-ci şöbəsində Cavid Çöhrəqaninin sədrliyi ilə keçirilən məhkəmə iclasında “polisin əmrinə tabe olmamaq və qarşıdurma yaratmaq” ittihamı ilə üzləşiblər.

Fəalların hüquqlarını vəkil Fatimə Səttari və Əli Abbaszadə məhkəmədə müdafiə edir.

Adını çəkdiyimiz azərbaycanlı milli-mədəni fəallar 2013-cü il iyunun 27-də Beynəlxalq İşgəncə Qurbanlarına Dəstək günü (26 iyun) münasibəti ilə keçirilən mərasimə qatılmaq üçün 30 nəfər urmiyəli soydaşımızla birgə səhənd dağı ətəklərinə tərəf yola düşüblər, lakin onlar Urmiyənin Kəlantəri körpüsündə təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və Urmiyənin ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinə aparılıblar. Tutulanlardan 30-u bir neçə saat sonra sərbəst buraxılsa da,  yuxarıda adlarını çəkdiyimiz fəallar 6 gün saxlandıqdan sonra vəsiqə qarşılığında ETTELAAT təcridxanasından sərbəst buraxılıb. Fəalların məhkəmə iclası son dəfə 2016-cı il dekabrın 7-də Urmiyə məhkəməsinin 102-ci şöbəsində hakim Cavid Çöhrəqaninin sədrliyi ilə keçirilib.

 report