Marağa zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Mehdi Kuxiyan məmurlar tərəfindən döyülərək həbsxananın karantin bölümünə intiqal edilib.
Məlikanlı fəalın fevralın 2-də həbsxananın karantin bölümünə intiqal edildiyi bildirilir.
Azərbaycanlı fəal məsulların yalan vədi, barəsində çıxarılan 300 milyon tümənlik mülki vəsiqə qərarı və ailə üzvləri, o cümlədən xəstə anasının təhlükəsizlik qüvvələri tərəfindən təhdid edilməsinə etiraz olaraq yanvarın 31-dən ağzını və dodaqlarını tikərək aclıq aksiyasına başladığını elan edib.
M.Kuxiyanın yaxınları onun hazırda Marağa zindanında ağır vəziyyətdə olduğu, mədə xorası və böyrək xəstəliklərindən əziyyət çəkdiyini bildiriblər. Onların sözlərinə görə, zindan məsulları Mehdini həkim müayinəsindən keçmək üçün müalicə müəssisəsinə aparmaqdan imtina edirlər.
M.Kuxiyan elan edib ki, səhhəti ilə bağlı hərhansı bir təhlükə yaranarsa, onun saxlanmasına səbəb olan Məlikan prokuroru Peyman Məhəmmədpur və bu şəhərin İran parlamentindəki millət vəkili Salman Xudadi bir başa məsuliyyət daşıyacaq.
M.Kuxiyan dekabrın 19-u səhər saatlarında Məlikanda təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Fəalın, idarə etdiyi Teleqram kanalı ilə bağlı Məlikan Təmin Şurası, bu şəhərin millət vəkili və Bələdiyyə başqanının şikayəti əsasında tutuqlandığı bildirilir.
M.Kuxiyan “Məlikan şəhər xəbəri” Telegram kanalının vasitəsi ilə Məlikan şəhərinin rəsmi orqanlarında olan rüşvətxorluq, Bələdiyyə İdarəsi və Şəhər Şurasında saxta və gizli keçirilən tender (münaqisə) əməliyyatları və qanunsuz işəgötürmə faktları ilə bağlı məlumat yayıb. Bundan sonra təhlükəsizlik qüvvələrinin azərbaycanlı fəala qarşı təzyiqləri artıb.
Qeyd edək ki, qanunsuz saxlanıldığına görə 2016-cı il dekabrın 21-də Marağa zindanında dodaqlarını tikərək aclıq aksiyasına başlayan fəal bir həftə sonra Təbriz “Sepah” Şöbəsinin təhlükəsizlik bölümünə köçürülmışdür. “Sepah”ın təknəfərlik məhbəsində saxlanılan fəal yanvarın 22-də digər azərbaycanlı fəal Səccad Əfruziyanla birlikdə yenidən Marağa zindanına qaytarılıb. Məlumata görə, “Sepah” təcridxanasında fəalı dindirən məmurlar, 3 gün sonra onun ağzını zorla açıblar, lakin o Marağa zindanına qaytarılanadək aclıq aksiyasını davam etdirib.
Xatırladaq ki, adını çəkdiyimiz fəal bundan öncə də Azərbaycan türk millətinin demokratik və milli hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və məhkəmə qərarı ilə həbs edilib.