Təbrizin mərkəzi zindanında saxlanılan azərbaycanlı milli-mədəni fəal Həbib Sasaniyanın səhhətinin ağırlaşdığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, azərbaycanlı fəal səhhəti kəskin pisləşləşdiyindən sonra fevralın 3-də həkim müayinəsindən keçmək üçün Təbrizin Sina xəstəxanasına aparılıb.

Həkim nəzarətinə götürülən fəalın son vəziyyəti ilə bağlı hələlik geniş məlumat yoxdur.

Ərdəbilli milli-mədəni fəal və şair H.Sasaniyan 9-cu aydır ki, Təbrizin mərkəzi zindanında müvvəqqəti olaraq saxlanılır. Məlumata görə, məhkəmə, ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin məhkəmə prosesinə müdaxiləsi nəticəsində onun vəsiqə qərarı ilə azadlığa buraxılmasına icazə vermir.

Müxtəlif xəstəliklərdən əziyyət çəkdiyi bildirilən fəal 2016-cı il mayın 15-də Yunis Rəhimi, İsmail Əfxəmi, Babək Avənd, Həmid Səqəfi və Mehdi Cavadzadə ilə birlikdə Ərdəbildə saxlanılıb.

H.Sasaniyana yaxın şəxslərdən biri onun hazırda qan təzyiqi və şəkər xəstəliklərindən əziyyət çəkdiyini bildirib.

Azərbaycanlı fəal bu günə qədər dəfələrlə zindan məsullarına müraciət edərək ciddi müalicəyə ehtiyacı olduğunu bildirib, lakin o hər dəfə xüsusi bölümə köçürülməklə təhdid edilib.

Fəalın nədə ittiham olduğu dəqiq olaraq məlum olmasa da, onun Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı maarifləndirmə işləri ilə məşğul olduğuna görə tutulduğu deyilir.

43 yaşlı fəal bundan öncə də Azərbaycan türk millətinin milli və demokratik hüquqları uğrunda apardığı dinc mübarizəyə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

 Azerbaijan