İranda azərbaycanlıların milli-mədəni haqları uğrunda apardığı dinc fəaliyyətinə görə uzunmüddətli həbsə və sürgünə məhkum edilən tanınmış fəal Siyamək Mirzayinin vəkili Məhəmmədrza Fəqihi fevralın 7-də Tehrandakı Gülüstan inqilab məhkəməsinə gedərək müvəkkilinə çıxarılan ağır cəzaya etiraz bildirib.
Müvəkkilinin apellyasiya məhkəməsində müdafiəsi üçün 6 səhifədə hazırlanan yazılı etirazın mətni məhkəməyə təqdim edən vəkil, bildirib ki, sözü gedən məhkəmənin rəsmiləri, Siyamək Mirzayinin 1 milyard tümənlik mülki girov qarşılığında müvəqqəti olaraq azadlığa buraxılmasına yenidən qarşı çıxaraq, bildiblər ki, bu yalnız apellyasiya məhkəməsi bu barədə rəyini bildirməsindən sonra mümkün ola bilər.
Milli zəmində apardığı fəaliyyətinə görə,Tehran məhkəməsi azərbaycanlı fəal Siyamək Mirzayini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaq məqsədilə qanunsuz qurum yaratmaqda günahlandırılaraq 10 il həbsə və 2 il sürgünə (İranın Cənubi Xorasan əyalətinin Təbəs şəhərinə) məhkum edib. Məhkəmənin çıxardığı hökm, yanvarın 21-də yazılı şəkildə fəalın vəkilləri Cəfər Əfşarniya və Məhəmmədəli Əziziyə elan edilib. Fəal, hazırda Tehranın Evin zindanının 209-cu korpusunda saxlanılır.
Xatırladaq ki, “ETTELAAT” əməkdaşları, Siyamək Mirzayini 2016-cı il, iyulun 14-də Ərdəbilin yaxınlığındakı Parsabad şəhərində, şəxsi ərzaq mağazasında tutublar. O, əvvəlcə ETTELAAT-ın yerli idarəsinə aparılsa da, sonradan Tehranın Evin zindanına köçürülüb. Fəal, tutularkən ona qarşı zorakılıq tətbiq edilib, təhqir olunub. Fəalın mənzilində yoxlama aparılıb, ona məxsus kitablar, kompüter və bir sıra digər şəxsi əşyalar götürülüb.