اورتاق بیلدیریش:
خورداد قیامینین ۱۲جی ایلدؤنومو ایله باغلی گونئی آزربایجان سیاسی قورولوشلارینین اورتاق بیلدیریشی
بؤیوک آزربایجان تورک میلتی و دیرلی میللی حرکت منسوبلاری
۱۲ایل بوندان اؤنجه بئله بیر گونده آزربایجان تاریخی تایسیز اهتیشام و عظمتده بیر اولایا شاهید اولموشدور. ۲۲ مای ۲۰۰۶ (بیر خورداد ۱۳۸۵) آزربایجان تورک میلتی گونئی آزربایجانین باشا باشیندا خیابانلارا چیخاراق تاریخده تایی گؤرولمهمیش بؤیوک میقیاسدا اعتیراض یورویوشلری ایله اؤز میللی کیملیک و منلیگینه صاحیب چیخدیغینی بوتون دونیایا گؤسترمیش و آزربایجانین میللی موباریزه تاریخینه قیزیل بیر صحیفه یازمیشدیر.
۱۲مای ۲۰۰۶دا ایران دؤولتینین رسمی قزئتی اولان «ایران» قزئتی بیر دفعه داها فارس فاشیزمینین چیرکین اوزونو گؤسترهرک آزربایجان تورکلرینه آغیر حقارتلر ائتمیش، آزربایجان تورکلرینی بؤجهیه بنزتمیشدی. بو اولای یوز ایللیک سؤمورگهچیلییه معروض قالماسیندان دولایی صبیر بارداغی دولان میلتیمیز اوچون سون داملا اولموش و هئچ کیمسهنین تخمین ائتمهدیگی اؤلچوده حادیثهلره سبب اولموشدور. ایلک اؤنجه اونیوئرسیتئتلرده باشلایان اعتیراضلار شهرلره یاییلمیش، ۲۲ مایدا تبریزده بؤیوک یورویوشلر باش وئرمیشدیر. ایکی هفته بویونجا ایسه اللیدن آرتیق شهر و قصبهده کوتلوی اعتیراض نوماییشلری حیاتا کئچیریلمیشدی.
نه یازیق کی هر زامان اولدوغو کیمی فارس فاشیزمی و گئریچی-عیرقچی ایران رئژیمی میلتیمیزین حاقلی اعتیراضلارینا شیددتله قارشیلیق وئرمیش، اونلارجا وطنداشیمیز شهید دوشموش، یوزلرجه وطنداشیمیز یارالانمیش و مینلرجهسی توتوقلانمیشدیلار. یالنیز شوبهه یوخدور کی مای ۲۰۰۶ اولایلاریندا جانلارینی وطن اوچون فدا ائدن وطن اؤولادلاریمیز سونسوزا قدر میلتیمیزین گؤنلونده یاشایاجاقلار و تاریخیمیز اونلاری میللی قهرمان کیمی آناجاقدیر.
۲۲ مای ۲۰۰۶ آزربایجان تاریخینده و گونئی آزربایجانین قورتولوش موباریزهسینده فاشیزمه و سؤمورگهچیلییه قارشی موباریزهده بیر دؤنوم نؤقتهسی و سیموول اولموش و تاریخه کئچمیشدیر.
بیز بو بیلدیریشی ایمضالایان تشکیلاتلار، بو عظیم تاریخی حادیثهده جانلارینی فدا ائدن وطنداشلاریمیزا تانریدان رحمت دیلهییب بو وسیله ایله بیر داها میلتیمیزله عهدیمیزی یئنیلیهرک بیلدیریریک کی، گونئی آزربایجانین فاشیزم، عیرقچیلیق، سؤمورگهچیلیک و گئریچیلیکدن تام خیلاص اولماسینا و میلتیمیزین اؤز طالعیینه حاکیم اولماسینا دک موباریزهمیز داوام ائدهجکدیر. بیز بیر داها وورغولاییریق کی آزربایجان میللی حرکتینین سون غایهسی میلتیمیزین مسعود، ریفاهلی، گوجلو و اؤزگور یاشاماسی و اؤز موقددراتینا حاکیم اولماسیدیر. بو هدفه چاتینجایا قدر ده موباریزهمیز وار گوجویله داوام ائدهجکدیر.
یاشاسین آزربایجان
یاشاسین اوزگورلوک
۲۱/۰۶/۲۰۱۸
آزربایجان دئموگرات بیرلیگی
آزربایجان اویرنجی حرکاتی (آذوح)
آزربایجان میلی دیرنیش تشکیلاتی (آم.د.ت) – دیرنیش
گونئی آزربایجان دئموکرات پارتیسی – گادپ
گونئی آزربایجان قورتولوش پارتیاسی – قورتولوش
Ortaq Bildiriş:
May Ayaqlanmasının 12ci il Dönümü ilə Bağlı Güney Azərbaycan Siyasi Quruluşlarının Ortaq Bildirişi
Böyük Azərbaycan Türk Milləti və dəyərli milli hərəkət mənsubları
12 il bundan öncə belə bir gündə Azərbaycan tarixi taysız ihtişam və əzəmətdə bir olaya şahid olmuşdur. 22 May 2006 Azərbaycan Türk milləti Güney Azərbaycanın başa başında xiyabanlara çıxaraq tarixdə tayı görülməmiş böyük miqyasda etiraz yürüyüşləri ilə öz milli kimlik və mənliyinə sahib çıxdığını bütün dünyaya göstərmiş və Azərbaycanın milli mübarizə tarixinə qızıl bir səhifə yazmışdır.
12 May 2006 da İran dövlətinin rəsmi qəzeti olan “İran” qəzeti bir dəfə daha Fars faşizminin çirkin üzünü göstərərək Azərbaycan Türklərinə ağır həqarətlər etmiş, Azərbaycan Türklərini böcəyə bənzətmişdi. Bu olay yüz illik sömürgəçiliyə məruz qalmasından dolayı səbir bardağı dolan millətimiz üçün son damla olmuş və heç kimsənin təxmin etmədiyi ölçüdə hadisələrə səbəb olmuşdur. İlk öncə universitetlərdə başlayan başlayan etirazlar şəhərlərə yayılmış, 22 Mayda Təbrizdə böyük yürüyüşlər baş vermişdir. İki həftə boyunca isə əlli artıq şəhər və qəsəbədə kütləvi etiraz nümayişləri həyata keçirilmişdi.
Nə yazıq ki hər zaman olduğu kimi Fars faşizmi və geriçi-irqçi İran rejimi millətimizin haqlı etirazlarına şiddətlə qarşılıq vermiş, onlarca vətəndaşımız şəhid düşmüş, yüzlərcə vətəndaşımız yaralanmış və minlərcəsi tutuqlanmışdılar. Yalnız şübhə yoxdur ki May 2006 olaylarında canlarını vətən üçün fəda edən vətən övladlarımız sonsuza qədər millətimizin könlündə yaşayacaqlar və tariximiz onları milli qəhrəman kimi anacaqdır.
22 May 2006 Azərbaycan tarixində və Güney Azərbaycanın qurtuluş mübarizəsində faşizmi və sömürgəçiliyə qarşı mübarizədə bir dönüm nöqtəsi və simvol olmuş və tarixə keçmişdir.
Biz bu bildirişi imzalayan təşkilatlar, bu əzim tarixi hadisədə canlarını fəda edən vətəndaşlarımıza tanrıdan rəhmət diləyib bu vəsilə ilə bir daha millətimizlə əhdimiz yeniləyərək bildiririk ki, Güney Azərbaycanın faşizm, irqçilik, sömürgəçilik və geriçilikdən tam xilas olmasına və millətimizin öz taleyinə hakim olmasına dək mübarizəmiz davam edəcəkdir. Biz bir daha vurğulayırıq ki Azərbaycan Milli Hərəkətini son qayəsi millətimizin məsud, rifahlı, güclü və özgür yaşaması və öz müqəddəratına hakim olmasıdır. Bu hədəfə çatıncaya qədər də mübarizəmiz var gücüylə davam edəcəkdir.
Yaşasın Azərbaycan
Yaşasın Özgürlük
21/06/2018
Azərbaycan Demokrat Birligi- Birlik
Azrəbaycan Öyrənci Hərəkatım (AZOH)
Azərbaycan Mili Dirniş Təşkilatı ( A.M.D.T ) – Dirəniş
Güney Azərbaycan Demokrat Partısı – GADP
Güney Azərbaycan Qürtülüş Partiası – Qürtülüş