Yöteburqda Azərbaycan Milli Musiqi günü qeyd edildi
Batı Yötaland Azərbaycan Evi Birliyi Müsəlman Şərqində ilk operanın banisi, qadın haqlarını müdafiə edən ilk operettaların müəllifi, Şərq musiqisini Qərb bəstəkarlığının dəyərləri, forma və janrları ilə zənginləşdirmiş dahi Azərbaycan bəstəkarı Üzeyir bəy Hacıbəylinin (18.09.1885 – 23.11.1948) doğum günü ilə bağlı Azərbaycan Milli Musiqi Gününə həsr edilmiş şənlik gecəsi keçirmişdir.
Azərbaycan Musiqi Dərnəyinin təşkilatçılığı və aparıcılığı ilə keçirilən tədbiri Batı Yötaland Azərbaycan Evi Birliyinin sədri Eldar Qaradağlı açmış, təşkilatçılara və iştirakçılara təşəkkür edərək xatırlatmışdır ki, bu gün – 15 sentyabr Nuru paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Bakını bolşevik-daşnaq quldurlarından azad etdiyi gündür. Bu şanlı günün 100 illik ildönümündə qəhrəman şəhidlərimizi sayğı ilə anır və onlara rəhmətlər diləyirik.
Sonra E.Qaradağlı 2018-ci il İsveç seçkilərində uğur qazanmış soydaşlarımızı – Sosialdemokrat Partiyasından Riksdaqa (İsveç parlamentinə) seçilmiş Aylin Fazilyanı və Yönköpinq Vilayət Məclisinə seçilmiş İradə Əliyeya-Söderberqi, Mərkəz Partiyasından (Centerpartiet) Batı Yötaland Vilayət Məclisinə seçilmiş Ayda Kərimlini və Partille Bələdiyyə Məclisinə seçilmiş Turan Əliyevi Batı Yötaland Azərbaycan Evi Birliyi adından təbrik etmiş, onlara daha yüksək başarılar arzılamışdır.
Azərbaycan Musiqi Dərnəyinin sədri Hüseyn Nəsirov Üzeyir bəy işığına yığışan musiqisevərləri salamlayaraq Üzeyir bəy Hacıbəylinin həyat və yaradıcılığı haqqında danışmış və iştirakçılara Üzeyir bəyin dünyada, Müsəlman Şərqində və Azərbaycanda hansı ilklərə imza atmasını göstərən kiçik bir broşür paylamışdır.
Tədbir iştirakçıları Hüseyn Nəsirovun tarda və Məsud Namvarın kamançada çaldığı “Koroğlu” operasının uvertürasını, “Arşın mal alan” operettasından “Qızların xoru” və “Əsgərin ariyası”nı , “Leyli və Məcnun” operasının uvertürasını gurultulu alqışlarla qarşıladılar.
İqbal Eyvazov dahi bəstəkarın “Sənsiz” romansını və azad edilməsinin 100 illiyi şərəfinə Bakı haqqında fonoqramla bir mahnı oxudu.
Tədbirin sonunda Güney Azərbaycanla dayanışma simgəsi olaraq bir qrup xanım “Səni deyirlər” mahnısının sədaları altında rəqs etmişdir.
آذوح: باتی یؤتالاند آذربایجان ائوی بیرلیگی موسلمان شرقینده ایلک اوپئرانین بانیسی، قادین حاقلارینی مدافعه ائدن ایلک اوپئرئتتالارین مؤلفی، شرق موسیقیسینی قرب بستکارلیغینین دیرلری، فورما و ژانرلاری ایله زنگینلشدیرمیش داهی آذربایجان بستکاری اوزئییر بی هاجیبیلینین (18.09.1885 – 23.11.1948) دوغوم گونو ایله باغلی آذربایجان میللی موسیقی گونونه حصر ائدیلمیش شنلیک گئجهسی کئچیرمیشدیر.
آذربایجان موسیقی درنیینین تشکیلاتچیلیغی و آپاریجیلیغی ایله کئچیریلن تدبیری باتی یؤتالاند آذربایجان ائوی بیرلیگینین صدری ائلدار قاراداغلی آچمیش، تشکیلاتچیلارا و ایشتیراکچیلارا تشککور ائدهرک خاتیرلاتمیشدیر کی، بو گون – 15 سئنتیابر نورو پاشانین کوماندانلیق ائتدیگی قافقاز ایسلام اوردوسونون باکینی بولشئویک-داشناق قولدورلاریندان آزاد ائتدیگی گوندور. بو شانلی گونون 100 ایللیک ایلدؤنومونده قهرمان شهیدلریمیزی سایغی ایله آنیر و اونلارا رهمتلر دیلییریک.
سونرا ائ.قاراداغلی 2018-جی ایل ایسوئچ سئچکیلرینده اوغور قازانمیش سویداشلاریمیزی – سوسیالدئموکرات پارتیاسیندان ریکسداقا (ایسوئچ پارلامئنتینه) سئچیلمیش آیلین فازیلیانی و یؤنکؤپینق ویلایت مجلیسینه سئچیلمیش ایراده الیئیا-سؤدئربئرقی، مرکز پارتیاسیندان (جئنتئرپارتیئت) باتی یؤتالاند ویلایت مجلیسینه سئچیلمیش آیدا کریملینی و پارتیللئ بلدیه مجلیسینه سئچیلمیش توران الیئوی باتی یؤتالاند آذربایجان ائوی بیرلیگی آدیندان تبریک ائتمیش، اونلارا داها یوکسک باشاریلار آرزیلامیشدیر.
آذربایجان موسیقی درنیینین صدری حسین نسیروو اوزئییر بی ایشیغینا ییغیشان موسیقیسئورلری سلاملایاراق اوزئییر بی هاجیبیلینین حیات و یارادیجیلیغی حاقیندا دانیشمیش و ایشتیراکچیلارا اوزئییر بیین دونیادا، موسلمان شرقینده و آذربایجاندا هانسی ایلکلره ایمضا آتماسینی گؤسترن کیچیک بیر بروشور پایلامیشدیر.
تدبیر ایشتیراکچیلاری حسین نسیرووون تاردا و مسعود ناموارین کامانچادا چالدیغی “کوروغلو” اوپئراسینین اووئرتوراسینی، “آرشین مال آلان” اوپئرئتتاسیندان “قیزلارین خورو” و “عسگرین آریاسی”نی ، “لئیلی و مجنون” اوپئراسینین اووئرتوراسینی گورولتولو آلقیشلارلا قارشیلادیلار.
ایقبال ائیوازوو داهی بستکارین “سنسیز” رومانسینی و آزاد ائدیلمهسینین 100 ایللیگی شرفینه باکی حاقیندا فونوقراملا بیر ماهنی اوخودو.
تدبیرین سونوندا گونئی آذربایجانلا دایانیشما سیمگهسی اولاراق بیر قروپ خانیم “سنی دئییرلر” ماهنیسینین سدالاری آلتیندا رقس ائتمیشدیر.