۲۰۲۲-جی ایلین سئنتیابر آیین‌دا ایران‌دا باش قال‌دیران گئنیش اعتراضلارین آردینجا اؤلکه‌نین سیاسی موحیطی و خوصوسیله موخالیفت سیرالارین‌دا جدی دییشیک‌لیک و حتی ترانسفورماسییا یاشاندیغی گؤرونور.

سیاسی فعال امیر مردانی آمئریکانین سسینه موصاحیبه‌سین‌ده دئییب کی، "سئنتیابر اعتراضلاری سیاسی حرکاتلار، او جمله‌دن قئیری-فارس میللتلرین حرکاتلارینا گوج‌لو و یا گوج‌سوز اولدوقلاری ساحه‌لری گؤستردی."

بو گونلرده اورمییه و تبریز شهرلری باش‌دا اولماقلا ایران آذربایجانین‌دا تورک فعاللارین اساس گون‌ده‌می اولان اورمییه گؤلو مسئله‌سی ۲۰۲۲ سئنتیابر اعتراضلارین‌دان اؤنجه ده گئنیش کامپانییالارلا برابر آذربایجان میللی حرکاتی سیرالارین‌دا ان چوخ موذاکیره ائدیله‌ن مؤوضو ایدی. آنجاق، ائکولوژی فلاکت مسئله‌سی سئنتیابر اعتراضلارینین باشلاماسی ایله بیرلیک‌ده فعاللارین گون‌ده‌مین‌دن چیخمیش‌دی.

امیر مردانی موصاحیبه‌ده اورمییه گؤلون‌ده باش وئره‌ن ائکولوژی فلاکتین آرتیق گئری دؤنولمز بیر حالا گلمک‌ده اولدوغونو وورغولاییب:

"اورمییه گؤلو گئرچک‌دن ده آرتیق دیریلتمه‌سی مومکون اولمایاجاق نقطه‌یه چاتماق‌دادیر. اونا گؤره، بو وضعیته موداخیله ائتمک گرکیر. هر واسطه ایله سولارین اورمییه گؤلونه گلمه‌سینی تعمین ائتمک گرکیر. چونکی اورمییه گؤلونون قوروماسین‌دان سونرا آرتیق میللت گونئی آذربایجان‌دان کؤچمه‌یه مجبور قالاجاق."

امیر مردانی موصاحیبه‌ده همچینین سون واختلار میللی حرکاتا منسوب قوه‌لر آراسین‌دا "میللی حرکاتین پرینسیپلری" و "سیاسیلشمه ضرورتی" کیمی مؤوضولار، ائله‌جه ده ایرانین دیگر موخالیف قروپلاری ایله امکداش‌لیق مسئله‌سی اوزرین‌دن یارانان قیزغین موباهی‌سه‌لره داییر اؤز دوشونجه‌لرینی آچیقلاییب.

سیاسی فعالین سؤزلرینه گؤره، "آنا مسئله ائله ایران‌دا اولان سون نئچه آیلارین اعتراضلاری‌دیر کی، بو موباهی‌سه‌لر اورادان یولا چیخاراق گون‌ده‌مه گلمیش‌دیر. او آکسییالار سیاسی حرکاتلارا، او جمله‌دن ده قئیری-فارس میللتلرین حرکاتلارینا گؤستردی کی، هان‌سی یئرلرده گوجلری وار و هان‌سی یئرلرده گوج‌سوزدورلر. طبیعی اولاراق، بیز ده میللی حرکات اولاراق او گوج‌سوز یئرلره دقت ائدیب و اورادا اولان ضعیف‌لیگی دولدورماغا چالیشمالیییق. او آکسییالار، مثلاً بونو گؤستردی کی، بیز آرتیق میللتیمیزین فرق‌لی کسیملرینین سؤزلرینی و سؤیله‌ملرینی دیله گتیرمه‌یه جهد ائتملیگیک... دولایی‌سی ایله، بلکه ایستراتئژی اولاراق بیر دییشیک‌لیک اولمامیش‌دیر و بونا گرک ده دویولمور، اما تاکتیکا اولاراق فرق‌لی تاکتیکالاری گؤتورمییمیزین گرک‌لی‌لیگی اورتایا چیخمیش‌دیر."

امیر مردانینین نماینده‌سی اولدوغو آذربایجان اؤیرنجی حرکاتی (آزوح) تشکیلاتی کئچه‌ن آیلاردا تشکیل ائدیله‌ن و ایران خالق موجاهیدلری (مئک) ایله باغلی وئردیی بیاناتلا موباهی‌سه مؤوضوسو اولان ایران‌دا میللتلرین دئموکراتیک اتفاقینین ترکیبین‌ده اولان گونئی تشکیلاتلارین‌دان بیری‌دیر.

مردانی "میللی حرکاتین پرینسیپلری و قیرمیزی ختتلری" ایله باغلی همین اتفاقا یؤنله‌ن‌دیریله‌ن تنقیدلره دقت چکه‌رک دئییب کی، قیرمیزی خطلر زامان زامان داها آز سسلندیریل‌سه ده، هئچ واخت آیاق آلتینا آلینماییبلار.

"بو اتفاق‌دا و یا گله‌جک‌ده یارانا بیله‌جک اتفاقلاردا و یا موذاکیره‌لرده یئری گلن‌ده او ایستراتئژی قیرمیزی ختتلر بولد ائدیلیر و داها یوکسک سسله سسلندیریلیر... بزه‌ن ده ایش بیرلیگی و یا موذاکیره‌لر ایر‌لیله‌سین دئیه طرفلرین راضی‌لیغی ایله او قیرمیزی ختلر آیاق آلتینا آلینمیر، آنجاق اورادا چوخ بولد اولونمور و یا چوخ دیله گتیریلمیر،" سیاسی فعال ایفاده ائدیب.

https://www.amerikaninsesi.org/a/7194949.html

Əmir Mərdani: Milli hərəkatın qırmızı xəttləri bəzən çox səsləndirilməsə də, heç vaxt ayaq altına alınmır

2022-ci ilin sentyabr ayında İranda baş qaldıran geniş etirazların ardınca ölkənin siyasi mühiti və xüxusilə müxalifət sıralarında ciddi dəyişiklik və hətta transformasiya yaşandığı görünür.

Siyasi fəal Əmir Mərdani Amerikanın Səsinə müsahibəsində deyib ki, "sentyabr etirazları siyasi hərəkatlar, o cümlədən qeyri-fars millətlərin hərəkatlarına güclü və ya gücsüz olduqları sahələri göstərdi."

Bu günlərdə Urmiyə və Təbriz şəhərləri başda olmaqla İran Azərbaycanında türk fəalların əsas gündəmi olan Urmiyə gölü məsələsi 2022 sentyabr etirazlarından öncə də geniş kampaniyalarla bərabər Azərbaycan Milli Hərəkatı sıralarında ən çox müzakirə edilən mövzu idi. Ancaq, ekeloji fəlakət məsələsi sentyabr etirazlarının başlaması ilə birlikdə fəalların gündəmindən çıxmışdı.

Əmir Mərdani müsahibədə Urmiyə gölündə baş verən ekoloji fəlakətin artıq geri dönülməz bir hala gəlməkdə olduğunu vurğulayıb:

"Urmiyə gölü gerçəkdən də artıq diriltməsi mümkün olmayacaq nöqtəyə çatmaqdadır. Ona görə, bu vəziyyətə müdaxilə etmək gərəkir. Hər vasitə ilə suların Urmiyə gölünə gəlməsini təmin etmək gərəkir. Çünki Urmiyə gölünün qurumasından sonra artıq millət Güney Azərbaycandan köçməyə məcbur qalacaq."

Əmir Mərdani müsahibədə həmçinin son vaxtlar milli hərəkata mənsub qüvvələr arasında "milli hərəkatın prinsipləri" və "siyasiləşmə zərurəti" kimi mövzular, eləcə də İranın digər müxalif qrupları ilə əməkdaşlıq məsələsi üzərindən yaranan qızğın mübahisələrə dair öz düşüncələrini açıqlayıb.

Siyasi fəalın sözlərinə görə, "ana məsələ elə İranda olan son neçə ayların etirazlarıdır ki, bu mübahisələr oradan yola çıxaraq gündəmə gəlmişdir. O aksiyalar siyasi hərəkatlara, o cümlədən də qeyri-fars millətlərin hərəkatlarına göstərdi ki, hansı yerlərdə gücləri var və hansı yerlərdə gücsüzdürlər. Təbii olaraq, biz də milli hərəkat olaraq o gücsüz yerlərə diqqət edib və orada olan zəifliyi doldurmağa çalışmalıyıq. O aksiyalar, məsələn bunu göstərdi ki, biz artıq millətimizin fərqli kəsimlərinin sözlərini və söyləmlərini dilə gətirməyə cəhd etməliyik... Dolayısı ilə, bəlkə strateji olaraq bir dəyişiklik olmamışdır və buna gərək də duyulmur, amma taktika olaraq fərqli taktikaları götürməyimizin gərəkliliyi ortaya çıxmışdır."

Əmir Mərdaninin nümayəndəsi olduğu Azərbaycan Öyrənci Hərəkatı (AZOH) təşkilatı keçən aylarda təşkil edilən və İran Xalq Mücahidləri (MEK) ilə bağlı verdiyi bəyanatla mübahisə mövzusu olan İranda Millətlərin Demokratik İttifaqının tərkibində olan güney təşkilatlarından biridir.

Mərdani "milli hərəkatın prinsipləri və qırmızı xəttləri" ilə bağlı həmin ittifaqa yönləndirilən tənqidlərə diqqət çəkərək deyib ki, qırmızı xəttlər zaman zaman daha az səsləndirilsə də, heç vaxt ayaq altına alınmayıblar.

"Bu ittifaqda və ya gələcəkdə yarana biləcək ittifaqlarda və ya müzakirələrdə yeri gələndə o strateji qırmızı xəttlər bold edilir və daha yüksək səslə səsləndirilir... Bəzən də iş birliyi və ya müzakirələr irəliləsin deyə tərəflərin razılığı ilə o qırmızı xətlər ayaq altına alınmır, ancaq orada çox bold olunmur və ya çox dilə gətirilmir," siyasi fəal ifadə edib.

https://www.amerikaninsesi.org/a/7194949.html