ƏHMƏD URMUOĞLU    

                                       URMU SOYQIRIMI (2-bölüm)

Erməni daşnakları və asurilər ilk olaraq 1917-ci ilin iyun ayının başlarında (1296-cı ilin tir ayı) Urmunun Nazlı çayı mahalında yerləşən Səfər Qulu kəndi və onun çevrəsində olan kəndlərin əhalisini vəhşicəsinə qətliam edib var yoxlarını tamamilə qarət edirlər.

Bu zaman Güney Azərbaycanda Şeyx Məhəmməd Xiyabani hərəkatının əsas amacı demokrasi və qanun hökumətinin yaradılması olsada,   Rusiya və İngiltərə müstəmləkəçi dövlətlərinin ölkənin iç işlərində müdaxiləsinə son verilməsi və onların burada apardıqları müstəmləkəçi siyasətlərinə qarşı ciddi mübarizə də bu hərəkatın önəmli hədəflərindən biri sayılırdı.

Məmaleke Məhruseye Qacarda bu mücadilənin aparmasında yalnız Azərbaycan Türk milləti belə bir siyasi şüura malik olduğundan dolayı bu dövlətlərin və ümumiyyətlə Qərb dövlətlərinin bütün Türklərə olan tarixi kiynə və dərin nifrətini dahada artırmışdır. Onun üçün də özəlliklə ingilislər, Azərbaycan və Türk millətindən intiqam alıb onu tamamilə məhv etmək qərarına gəlmişlər.

Erməni-asuri cinayətkarlarının Güney Azərbaycana gətirilib bizim torpaqlarımızda yerləşdirilməsi və yerli erməni-asurilərlə birlikdə təşkilatlandırılıb təpədən dırnağa qədər silahlandırılmalrının əsas amacıda, Güney Azərbaycanda gedən milli azadlıq və qurtuluş hərəkatını parcalayıb onu boğmaqdan ibarət olmuşdur.

Çünki bu hərəkatın əsas mərkəzi Təbriz olsada Urmu, Xoy və Salmas bu şəhərdən sonra hərəkatın önəmli mərkəzlərindən sayılırdılar.

Müstəmləkəçi dövlətlər bu bölgələri erməni-asurilərə verərək yerli Türk əhalisini yox edib və Təbrizi tək qoymaqla bu çirkin amaclarına ulaşa bilirlər. Onlar öncə erməni-asuri və sonrada kürdləri silahlandıraraq Azərbaycan Türk millətini soyqırıma məruz qoyurlar. Beləliklə ingilislər tərəfindən hazırlanmış bu qanlı senariyo, onun müttəfiqləri olan Amerika, Fransa və Rusiya dövlətlərilə birlikdə həyata keçirilir.

Çar Rusiyasının Urmuda olan baş konsulu və Urmu soyqırımında böyük rol oynayan cinayətkar Bazil Nikintin bu haqda belə yazır:

”Rusiyanın Qafqaz ordusunun baş komandanı general Libedniski ona teleqraf vasitəsilə bildirir ki, Urmuda erməni-asuri qoşunun yaranmasına qərar verilib və bu haqda müttəfiqlərin ordu zabit və generallarından kolenel Peyk, kolenel Şardini, kapitan Març və mayor İstiksin müvafiq olduqlarını bildirmişdir. (oktyabr 1917) Bunun ardından Fransanın Ambulans təşkilatı Urmuda erməni və asuriləri təşkilatdandırmağa başlayır.”

1918-ci ilin yanvarında İngılis generalı Meycer Grasi bu məsələ üçün Urmuya gəlir.

General Meycer Grasinin rəhbərliyində Amerikanın ilk başda Urmudaki məzhəbi misiyonunun rəisi və 1918-ci ildən etibarən onun baş konsulu Vilyam Şed, Rusiyanın baş konsulu Bazil Nikitin, Fransanın Ambulans təşkilatının rəisi Dr. Kujul, asurilərin (ciloların) rəhbərlindən Benyamin Marşimun və Osmanlı dövlətinin Urmu konsulluğunun keçmiş attaşəsi Petros Ağa İyllu və erməni daşnaklarının rəhbərləridən İbrahim Xan, eləcə də erməni-asurilərin iştirakilə Urmuda böyük bir miting təşkil edilərək, erməni-asuri silahlı ordusunun yaranması təsdiq edilib və general Meycer Grasinin planı ürəkdən qəbul edilir. Onlar belə bir qərara gəlirlər ki, 250 rus zabit və ordunun yaradılması üçün lazımı qədər pul və silah göndərilsin.” (bax. Bizim ən Kiçik Müttəfiqimiz, London 1920 s.35-36)

Qeyd olunmalıdır ki, hələ bu olaylardan öncə Amerikanın baş Konsulu Vilyam Şed,in Urmu əhalisinə müraciəti və onların öz Türk qardaşlarına və Osmanlı dövlətinə qarşı silahlanma təklifi Türk əhali tərəfindən rədd edildikdən sonra onun erməni və asurilərin silahlandırılmasında böyük rolu olmuşdur. O, bu qəddar silahlıları həm azərbaycanlılara, həm də Türk qoşunlarına qarşı gedən savaşlarda qullanmış və Türk millətimizin vəhşicəsinə qətliam edilməsində yaxından iştirak edərək, bütün bəşəriyyətin üz qarası olan bu insanlığa zidd olan cinayətlərin başda gedən amillərindən biri sayılır.

Rus zabiti olan general Kozmin,in baş komandanlığı altında 30 min nəfərlik bu ordunun yaradılmasında Urmuda qalan 800 rus qazaq və zabiti, eləcə də 72 fransız zabiti və bir çox erməni zabiti iştirak etmış və onu yönətmişlər. Bu ordunun yaranmasına Fransa dövləti o zamanın pulu 20,000 frank ayırmışdır. Rusiya inqilabından sonra vətənlərinə geri dönən rus ordusunun Urmudaki əsgərlərinin bolşeviklərə bağlı olan inqilabçı komitəsinin başında duran zabiti Məlah Saltikov, ermənilər yazıqdı deyə özəlliklə böyük miqdarda silah və sursat erməni daşnaklarına vermişdir!!??

Yaradılan bu qan içən erməni-asuri ordusunun baş komandanı rus zabiti general Kozmin təyin edilmişdir. Dr. Heri Parkard Amerikanın Urmu konsulunun müavıni ermeni-asurilərin intizamat rəisi və Petros Aga İyllu Osmanlı konsulluğuğunun keçmiş attaşəsi Urmu Kəndlərinin təhlükəsizlik rəisi vəzifəsinə təyin edilmişlər.

Bu cinayətkar ordu Osmanlı dövləti və Azərbaycan Türklərinə qarşı qullanmalıydi, hər halda o Azərbaycan Türklərini dəhşətli bir soyqırıma məruz qoymuşdur. Urmu soyqırımı 159 gün sürmüş, cümə günü 22 fevral 1918-ci ildə (3 isfənd 1296) başlamış və çərşənbə günü 1- avqust 1918-ci ildə (8-murdad 1297) Türk ordusunun zəfərlə Urmuya gəlməsi və erməni-asuri quduzlarının yenilib qaçmasıyla sona çatmışdır.

30-min nəfərlik bu ordu 1918-ci ilin Yanvarında yaradıldıqdan sonra onlar açıq şəkildə azərbaycanlılara qarşı soyqırıma başlamış və 16 fevral 1918-ci ildə Urmu şəhərində neçə nəfəri öldürerek, bu gündən etibarən böyük cinayətlərə əl atmışdır.

Onlar 19 fevral 1918-ci ildə 100 nəfər günahsız azərbaycanlını şəhər və kəndlərdədə tam vəhşicəsinə öldürmüşlər. Urmu şəhərində azərbaycanlılarla erməni-asurilər arasında savaş, cümə günü 22 fevral 1918-ci ildə başlanmış və üç gün qanlı və silahlı döyüşlərdən sonra şəhər tamamilə erməni və asurilərin əlinə keçmişdir.

Savaşın belə sonuçlanmasının böyük səbəblərindən biri bu olaylardan öncə rus qazaqlarının hədə qorxular, basqılar, zorakılıqlar və göz dağıları verməklə bütün Urmu və çevrəsindəki kənd əhalisinin silahlarının əllərindən alınması və tərk-silah edildiklərindən irəli gəlmişdir.

Azərbaycanlıların əllərində özlərini müdafiə etmək üçün doğrudan da çox az silah varidi. Onların silahlarının az olduğuna və doğru-düzgün savaş üsullarını bilmədiklərinə baxmıyaraq, təpədən dırnağa qədər öz dövrünün ən modern ağır və yüngül silahlarla silahlandırılmış və savaş üsullarını rus, fransız zabitlərindən öyrənən və onlar tərəfindən yönədilən quduz və vəhşi erməni-asuri yaraqlılarının qarşısında igidcəsinə dayanaraq, onların irəliləməsinin qarşısını almış və geriyə çəkilməyə və həmin gün savaşa son qoymaya belə məcbur etmışlər.

Ertəsi gün səhər tezdən qan içən erməni-asurilərin silahlı dəstələri hər tərəfdən şəhərə hücuma başlayaraq, ağır silahlar və toplarla şəhəri topa bağlayırlar. Amma, yenə də azərbaycanlıların igidcəsinə müqavimət göstərmələrindən dolayı, çoxlu tələfat verdikdən sonra öz mövqelərinə geri çəkilmişlər.

Bu zaman şəhərinin hakimi olan İclalülmolk, bir əsasi iş görmədən hökümət başında oturmuşdu. Urmuda xalqı təşkilatlandırıb, onları müqavimət göstərməyə çağıran doğru-düzgün bir təşkilat və onun başinda qoçaq, cəsarətli bir azərbaycanlının olmaması üzündən bir neçə qorxaq, qeyrətsiz şəhər başçıları sayılan əəyan-əşraf, ruhani və başqaları ağ bayraqlar götürərək böyük bir dəstə dözəldib, Türk millətinə heç yaraşmayan alçaq və çirkin bir işə əl vuraraq, barış üçün düşmənin yəni Benyamin Marşimunun qapısına gedirlər.

Yola çıxdıqda hər bir azərbaycanlı döyüşçüsünə rastlaşaraq, onu savaşdan əlçəkməyə çağırıb və deyirlər ki, biz savaş yox, barışı istəyirik.

Bu zaman Urmuda mövcud olan iki silahlı qüvvələrdən biri 200 nəfərlik qaradağlı əsgərləridi ki, savaşın birinci günü şəhəri tərk edib, Salmas yoluyla qaçıb gedirlər. İkinci qüvvə isə komandanı bir rus zabiti olan min nəfərlik dövlət qazaq qüvvələridi. Onlar Urmu şəhərinin kənarında yerləşən Nəsrüddövlə qalasında indiki Urmu idman istadiyomunda yerləşirdilər.

07.

04.2019

Ardı var