ƏHMƏD URMUOĞLU  

Məmməd bəy Azadgərin"İmam zamanın məchul əsgərləri və Azərbaycan milli demokratik hərəkatı" yazısına cəvab (26-cı bölüm)

Milli şəxsiyyətlər və milli qəhrəmanlarımız!

10-Kazım Xan Quşçu

İngiltərə dövləti, satın aldığı İsmayıl Ağa Simitqo və Erməni, Asuri rəhbərləri, eləcə də İran dövlətinin başına gətirdiyi nökərləri kimi, Kazım Xan Quşçunu da hər nə bahasına və hər nə vasitəilə olursa-olsun, alınmasından heç bir zaman vaz keçməmişdir. Çünki Kazım Xan İngilis başda olmaq üzrə Qərb dövlətlərinin Azərbaycanın qərb bölgələrində həyata keçirmək istədikləri planlarının qarşısında böyük bir manə olmuşdur və bu səbəbdən də ona ilk öncə İngilis bayrağı altında və bu dövlətin himayəsində olaraq məqam və məsəb vədəsi verməklə onuda aldadıb, başqaları kimi satın almaq istəyirdi.

Bu səbəbdən də İngilisin Təbriz konsulu Kapitan Kred, Kazım Xan Quşçuyla Qırxlar qalasında görüşdüyü zaman ona çox açıq şəkildə deyir ki, əgər üzləşdiyin bu problemlər və çətiliklərdən qurtulmaq istəyirsən onun yalnız bir çarəsi var. Mənimələ birlikdə Urmuya gəl, biz səni böyük məqamlara çatdırıb və sən İngilis dövlətinin himayəsi altında olacaqsan. O zaman gəl Ənzəl mahalı sənindir və heç bir güc bu mahala hücum edə bilmiyəcəkdir.

Lakin İngilis konsulu Kapitan Kredin bütün səyləri nəticəsiz qalıb və o bu məsələdə uğursuz olduqdan sonra, bir daha Kazım Xana elçi vasitəsilə müraciət edərək, onun Qırxlar qalasından enib və azərbaycanlıların qəddar qatili olan İsmayıl Ağa Simitqoya tabe olmasını təkidən istəyir.  

Bu zaman Qacar ordusunun zabiti olub və sonra Kazım Xana qarşı quldur Rza xanın qoşunlarında qulluq edən və əslən Urmunun Bərkişli (Bəkişli) mahalından olan albay (sərhəng) Kəlbəlixan Bəkişli, bu məsələilə bağlı öz xatirələrində belə yazır:

Bir gün Urmunun hakimi Sərdar Fatih məni öz yanına çağırıb və İngilis kosulu Kapitan Kred (Kerd) cənablarını bir neçə atlının məiyyətində Quluncu kəndinə aparıb və onu orada buraxıb qayıtmamı istəyir. Konsul özü bu kənddən Çəhri qalasına İsmayıl Ağa Simitqonun yanına getmək istəyirdi....Burada İngilis konsulu mənə belə dedi: "Buradan bir başa Kazım bəyin yanına gedib və sənə nə deyirəm eynən ona söyləyin ki, konsul deyir, mən belə məsləhət görürəm ki, o, Qırxlar qalasından aşağı enib və İsmayil Ağa Simiqoya tabe olaraq yolun əmniyyətinin təmini və camaətin huzur və asayişi üçün xidmət göstərsin. Məndə Simitqoya deyərəm ki, nəinki ona heç bir müzahimət törətməsin, bəlkə ona yardımçı olsun. Əgər o nəsihətlərinizi qəbul etmədi, o zaman ona deyin, konsul deyir ki, əgər Kazım bəy mənim sözlərimi qəbul etməyib ona boyun əyməsə, Qırxlar qalasına gəlib qalanı parça-parça edib, onun başına uçuraram.... Kəlbəlixan bu təklifi və onun sözlərini Kazım Xana söyləyir..... Kazım Xan belə cavab verir: "Cənab albay mən buradan heç bir zaman çıxmaram və Simitqonun da sözləri və vədələrinə zərrəcə dəyər verməyib və ona əsla güvənmirəm çünki o, güvənilən birisidə deyildir.....Mən burada qalıb işin sonunu gözləyəcəyəm. Lakin konsulun hədə qorxu və təhdidlərini eşitdiyində o qəzəblənib və Kəlbəlixana deyir ki, konsula mənim bu sözümü necə deyirəm və heç kəsmədən deyəsən ki, Kazım Xan deyir ki, Konsul mənim filan...mi yeyir ki, bu sözü deyir...... və Kəlbəlixan bu sözləri eynən ona çatdırır.....Konsul qəzəblənib hirslənmək yerinə gülür və deyir ki, olsun."(bax. Birinci Dünya Savaşında İranın durumu, ya Rzayənin (Urmunun) Tarixi, s. 347-348, Məhəmməd Təmmədün)

Lakin təəssüflər olsun ki, Kazım Xanın etdiyi bütün xidmətləri və onun Erməni-asurilər və Kürd əşirətləri tərəfindən özəlliklə Ənzəl mahalının günahsız dinc əhalisinin qətiamnın qarşısında dayanan barmaq sayda insanlardan biri olmasına baxmayaraq, Türk düşməni olan qatı fars şovinistlərinin hakimiyyətdə olduğu üçün, onun təslim olaraq yaxalanıb, aradan qaldırılması quldur Rza Xanın bu bölgədəki önəmli hədəflərindən biri olmuşdur.

Kazım Xan Quşçu, dövlət məsullarından tutmuş, ordu mənsubları tərəfindən aldığı təhdid dolu məktublar və çağrışlarda onun həmən təslim olmasını istənilir. Ancaq o, bütün bu təhdid və hədə qorxuları heçə sayaraq çox açıqcasına və çəkinmədən onlara belə verir: "Mən əhali və silahlıların əmniyyətindən tam arxayın olmayana qədər nə qalanı tərk edib və nədə bir kəsə silah buraxaram. Onlar, mənim əsarətimi və yaxud zillətlə ölməyimin arzusunu özlərilə gora aparacaqlar. Mən bir əkinçiyəm və heç bir məqam və mənsəbdə gözüm yoxdur.....Nədən qalanı tərk etməmə bu qədər israr edirlər. Mən özümlə bağlı onların planlarından xəbərim var, amma söyüd ağacı deyiləm ki, belə bir təhdidlərin qarşısında titrəyəm......" (bax. Kazım Xan Quşçu, s.109-110, Məhbub Dadaşpur)

Onun general Cahanbaniyə verdiyi kəskin cavabı da onun necə qoçaq, mərd və igid bir insan olduğunu göstərir.....Cənab general, mən dəfələrcə dərbara (Qacar dərbarına) məktub yazıb lakin heç bir cəvab almadım və sizin "Sərdar Sepəh" adlandırdığınız şəxsi tanımıram. Mən nə etmişəm ki, məni öldürmək istəyirlər. Amma hər halda bir gün doğulub və kəsinliklə bir gündə öləcəyəm, lakin əmin olun ki, alçaqlıq və zillətlə ölməyəcəyəm. Mənim tanrıdan başqa kimsədən qorxum yoxdur və dövlətlədə savaşmaq qəsdim yoxdur. Mən və bütün bu silahdaşlarım ölkənin fədayiləridir, ancaq bilin ki, hər zorakılıq və hücumun qarşısında və hər hansı tərəfdən olursa-olsun ona qarşılıq verəcəyəm. (bax. Kazım Xan Quşçu, s.106 Məhbub Dadaşpur)    

2003-cü ildə "Urmu soyqırımı" ilə bağlı yazdığım məqalədə Kazım Xan Quşçu haqqında olan bir bölümü eynən burada gətirməyi məqsədə uyğun görürəm:

"Urmu çevrəsindəki nisbətən möhkəm qalaya malik olan, yaxud stratejik mövqelərinə görə bir neçə kənd müqavimət mərkəzlərinə çevrilmiş və ətraf kəndlərin erməni-asuri qətiamları və qırğınlardan sağ qalan əhalisi və bəzi silahlı döyüşçülərdə bu kəndlərə sığınmışdır.

Müqavimət göstərən kəndlərin başında Urmu vilayətinin quzeyində və Urmu gölünün sahilində yerləşən Ənzəl mahalının mərkəzi olan Quşçu kəndi dayanırdı. (Bu gün şəhər sayılır)

Urmu vilayətinin quzeyində, Urmu gölünün kənarında yerləşən Ənzəl mahalının müqavimətinin başında Kazım Xan Quşçu dayanırdı. O, Ənzəl mahalının Quşçu, Qarabağ, Qalqaçı, Muğatel, Göyərçin Qala, Barı, Nəcəfabad və başqa kəndlərin ağsaqqalları tərəfindən başçı təyin olunur. Kazım Xan Quşçu, Azərbaycanın bu dövr yetişdirdiyi böyük oğulladlarından biri olmuş və Xalq içindən çıxan sadə, savadsız bir kəndli olmasına baxmayaraq Xalqın sevimli bir qəhramanına çevrilmişdir.

Kazım Xan olduqca qoçaq, cəsur, döyüşçül, iradəli, həm də istedadlı, bacarıqlı və böyük bir hərbi sərkərdə olmuşdur. O, Urmu və çevrə kəndlərində qırğınlar və qətliamların başlandığından etibarən İsmayıl Ağa Simitqonun başçılığında kürd əşirətlərinin Azərbaycan Türklərinə qarşı törətdiyi soyqırımına qədər, Ənzəl mahalının adları çəkilən kəndlərin əhalisini Göyərçin Qala kəndinin yanında və Urmu gölünün sahilinə yaxın olduqca önəmli stratejik bir mövqeyə malik olan Qırxlar qalasında (Kazım daşı) öz başına toplayaraq, onların içindən silahlı müqavimət dəstələri yaratmış və beləliklədə əhalini erməni-asuri və sonrada kürdlərin qətliamından qoruyaraq qurtarmışdır.

Kazım Xan Quşçunun göstərişilə Qırxlar qalasında silah və savaşa lazım olan sursat və hətta top, eləcə də Təbriz və gölün doğu tərəfi ilə əlaqə saxlamaq üçün burada kiçik qayıqlar da istehsal edilidi. Qeyd etmək lazımdır ki, onun yaradığı döyüşçü dəstələri Erməni-Asuri silahlı dəstələrinə qarşı istər öz partizani hücumlarıyla, istərsədə üz-üzə apardıqları döyüşlərdə çox ağır zərbələr vurmuş və onların içində böyük qorxular yaratmışdır. Urmu soyqırımından qurtulan saysız kəndlərindən yalnız Kazım Xanın qoruyub saxladığı bu kəndlər olmuşdur.

Kazım Xanın düşmənə qarşı hərəkətinin başlanğıcı, Asurilərin dini rəhbəri olan Marşimunun İsmayıl Ağa Simitqonun əlilə öldürülməsindən sonra, Erməni-Asurilərin Salmasdan Urmuya qaçdıqları zaman Kazım Xanın onların 40 nəfərlik bir silahlı dəstəsini Quşçu kəndinin yaxınlığında məhv edərək, onların silahlarının alınmasıyla olmuşdur.

Bu hadisədən sonra Erməni-Asurilərin rəhbərlərindən olan Petros Ağa 27 mart 1918-ci ildə (fərvərdin ayının 7-sində) böyük bir ordu və ağır silahlarla Quşçu kəndi başda olmaq üzrə Ənzəl mahalına hücum edir. Quşçu kəndinin əhahisi böyük qeyrət və qəhrəmanlıqla bu quduzların qarşısında müqavimət göstərib, qorxu bilmədən şərəf mücadıləsi vermşilər. Umudları hər yerdən kəsilən və heç bir yandan yardım gəlmədiyini bilən müqavimət dəstəsi, bütün əhalini kənddən çıxararaq onları təhlükədən qurtarıb və sonrada dağlara çəkilərək Qarabağ kəndinə gedirlər.

Bu zaman düşmən Qarabağ kəndinə hücum edir, lakin əhalinin müqaviməti çox uzun sürmir və əhalinin bir bölümü Göyərçin Qalaya doğru yəni Qırxlar qalasına gedir, bir bölümüdə dağlara qaçmaq zorunda qalır. Salmasa qaçanlar, yolda Erməni-Asuri silalıları tərəfindən tamamən qətliam edilib, yaxud əsir düşürlər.

Bu qanlı olaylardan sonra Ənzəl mahalının adları gedən kəndlərinin əhalisi tamamən Qırxlar qalasına toplaşıb, Kazım Xanın başçılığında Asuri-Erməni daşnaklarına qarşı mübarizəni davam edirlər. Kazım Xan Quşçu Erməni-Asuri soyqırımından sonra İsmayıl Ağa Simitqonun başçılığında Kürdlərin cinayətlərinə və onun Azərbaycan torpaqlarının işğalçı siyasətinə qarşı əhalini müdafiə etmişdir. Azərbaycanın böyük və sevimli qəhrəmanlarından biri olan Kazım Xan Quşçu, bu faciəli hadisələrdən sonra quldur Rza Xan qoşunlarının başında olan general Zəfərüldolə və Sultan Səlim Xan, Albay Kəlbəli Xan Bəkişlinin təslim ol çağrısına yox deyərək, onu və Pəhləvi hökumətini tanımadığını və yalnız Qacar dövlətini tanıdığını bildirərək, onlara heç bir zaman təslim olmayacağını bildirmişdir. Kazım Xandan rədd cəvabı alan Rza Xan qoşununun komandirləri, Qırxlar qalasında ona qarşı böyük ölçüdə hücuma keçərək qalanı mühasirəyə alıb, lakin qüvvələrin müqayisə olunmaz dərəcədə bərabər olmadığından dolayı, mühasirə get-gedə daralıb və nəhayət Kazım Xan, Rza Xanın qoşunlarına qarşı uzun sürən böyük bir müqavimətdən sonra 1922-ci ilin payızında özünün düzəltdiyi əl bombasının partlaması nəticəsində qəhramancasına şəhid olmuşdur.

"(bax. "Urmu soyqırımı", Əhməd Urmuoğlu 16.03.2003)

Kazım Xan Quşçu, özünün dəfələcə söylədiyi kimi rəzalətlə yox, bəlkə Azərbaycanın və Türk millətinin bütün böyük qəhrəmanları kimi başı uca və şərəflə 62 yaşında şəhid olmuşdur.

28.04.2019

Ardı var